Şərqdə Antalyadan, qərbdən Muğlaya qədər uzanan firuzəyi rəngli Aralıq dənizinin kənarında yerləşən Türk Rivierası Türkiyənin ən məşhur istirahət yerlərindən biridir.
Qədim şəhərlər, saraylar, limanlar, məbədlər və bir çox başqa yerləri görə biləcəyiniz bu yamyaşıl bölgənin parlaq günəşi və nəfəs kəsən mavi dənizi sizdə unudulmaz təəssürat yaradacaq.
Aralıq dənizi sahillərində yerləşən şəhərlər arasında üç şəhər öz gözəllikləri ilə seçilir. Bu yerlər turistlərin yay tətili üçün ən çox üstünlük verdiyi istirahət yerləri sırasındadır.
Bu şəhərlər sahil boyu dəbdəbəli kurortlar, otellər, hündürmərtəbəli binalar və düşərgə sahələri kimi müxtəlif yaşayış infrastrukturlara malik olması ilə də diqqət çəkir.
Kaputaş çimərliyi
Antalyanın ucqar qərbində, Kaş və Kalkan qəsəbələrinin yaxınlığında yerləşən Kaputaş çimərliyi illərdir bir çox turistin marşrutunda yer alaraq həm yerli əhalinin, həm də ziyarətçilərin sevimli istirahət məkanıdır.
Kaputaş çimərliyi kütləvi turizm zonası və böyük kurort otellərinə malik olmasa da ən məşhur turistik yerlərdən biridir.
Kekova
Kekova Antalya bölgəsinin Demre rayonu yaxınlığında, Kaleköy və Uçağız sahillərində yerləşən kiçik qayalıq bir adadır.
Adanın tarixi adı Doliçestdir. Kekova adasının şimal sahilində əksəriyyəti dənizin altında qalan şəhərin xarabalıqlarını görə bilərsiniz. Kekova adası qayıq gəzintilərinin əsas dayanacaqlarından biridir. Adanın qarşı tərəfində Uçağız və Kaleköy qəsəbələri yerləşir. Kekovanın qərb hissəsində, Tersane adlanan yerdə köhnə bir kilsənin qalıqları var. Yaşayış olmayan adanın bir hissəsində qayıqla getmək mümkün olan hostellər və kafelər yerləşir.
Side
Side Türkiyənin ən məşhur qədim şəhərlərindən biridir. Antalyanın Manavqat bölgəsində yerləşən Side tarixi abidələri və şəffaf dəniz suları ilə yerli və xarici turistləri özünə cəlb edir.
Qədim Pamfiliya bölgəsinin mühüm liman şəhərlərindən biri sayılan Side eramızdan əvvəl 7-ci əsrdə Roma dövründə mədəniyyət, elm və yepiskopluq mərkəzlərindən biri olmuşdur.
Side şəhərindəki tarixi yerlər arasında Apollon və Afina məbədləri, Selqe xarabalıqları və müxtəlif qədim teatrlar keçmişə səyahət hissi oyadan tarixin izlərini hələ də qoruyub saxlayır.