Ukrayna savaşında BELARUS TƏZADI: Xalq və hakimiyyət niyə əks mövqedədir?

image-59178189_303backend

 Ukrayna-Rusiya müharibəsinə münasibətdə Belarus hakimiyyəti ilə xalqının yanaşması bir-birinə daban-dabana ziddir.

Belarus öz ərazisindən Ukraynaya hərbi zərbə endirməsi üçün Rusiyaya tam imkan yaradıb. Ancaq məsələ ondadır ki, sıravi belaruslular prezident Aleksandr Lukaşenkonun bu qərarı ilə qətiyyən barışmırlar. Buna baxmayaraq, müharibə başlayanda Belarusun da Ukraynaya qarşı savaşa qatılacağı gözlənilirdi. Çünki Putin Lukaşenkodan məhz bunu tələb edirdi. Ancaq Belarus vətəndaşlarının əksəriyyəti Putinin bu tələbinin yerinə yetirilməsiə qarşıdır.

Açıq demək olar ki, Belarus xalqı xüsusilə, 2020-ci il prezident seçkilərindən sonra Lukaşenko hakimiyyətindən qorxmur və hökumətin aldığı addımlara sərt formada etiraz etdilər. Hətta Belarus ordusunun xüsusi təyinatlıları və digər qoşun növlərində xidmət edən müxtəlif ranqlı zabitlər bu səbəbdən istefa verərək ordudan uzaqlaşıblar. Belaruslular hökumətə etiraz edərək hərbi formalarını çıxararaq zibil qutularına atır və bunu nümayəşkər şəkildə edirdilər. O da iddia olunurdu ki, bir çox general Belarusun Ukraynaya birbaşa hərbi müdaxilə edəcəyi təqdirdə, istefa verəcəklərini hökumətə bildiriblər. Ona görə də belə bir vəziyyətdə Lukaşenko hökuməti heç bir konkret addım ata bilmir. Lukaşenko yaxşı bilir ki, etiraz edənlərə qarşı atacağı hər hansı bir addım ağır nəticələrə gətirə bilər.

2020-ci ildə Belarusdakı prezident seçkilərindən sonra Lukaşenko və onun havadarı Rusiya anladı ki, həqarətlə yanaşdığı belaruslar artıq mütəşəkkil etiraz hərəkatı yaratmağı bacarırlar. Xalq ayağa qalxaraq Lukaşenkonin hakimiyyəti növbəti dəfə zəbt etməsinə qarşı çıxırdı. Həmin hadisələr zamanı on minlərlə insan həbs edilib, işgəncəyə məruz qalmışdı. Xalq vəziyyəti dəyişmək istəyir. Düzdür, həmin vaxt Rusiyanın müdaxiləsi ilə Lukaşenko hakimiyyətini qoruya bildi. Ancaq görünən budur ki, belaruslularla hakimiyyət arasında barışıq baş verməyib və bu sabitlik müvəqqəti xarakter daşıyır. Şübhə yoxdur ki, belaruslar ilk fürsətdə etiraz dalğasını yenidən yaradacaqlar. Çünki Belarus xalqının istəyi ilə hakimiyyətin istəyi tamamilə fərqlidir. Xalq geniş mənada vəziyyəti dəyişmək, Avropaya inteqrasiya etmək istəyir.

Seçkilər zamanı baş verən hadisələr onu deməyə əsas verir ki, Lukaşenko hakimiyyətini yalnız güc yolu, dəyənəklə qoruya bildi. Həmin olaylardan sonra Lukaşenko hakimiyyəti ilə xalq arasında heç bir bağ qalmayıb və bunu Belarus prezidenti də tam ciddiliyi ilə anlayır. O xalqla barşmaq cəhdlərinin də fayda verməyəcəyini bildiyi üçün dialoq haqqında ümumiyyətlə, danışmır. Bilir ki, xalq onu qəbul etmir. Reallıqda isə heç o da xalqını sevmir. Başqa sözlə, xalq azadlıq arzusunda, nüfuzu minimuma qədər düşən Lukaşenko isə kreslosunu qorumaq sevdasındadır. Onun gücü yalnız və yalnız polis dəyənəyidir.

Dünya sürətlə dəyişib inkişaf edib. Yeni texnologiyalar, internet xalqın gözünü açıb, məlumatlılığını artırıb. Onlar görür ki, bir addımlıqlarındakı Avropa xalqları başqa dünyada yaşayırlar, onlar isə az qala feodalizmdə ilişib qalıblar. Təbii ki, Avropa standartları belarusları cəlb edir və onlar bu səbəbdən demokratiya, inkişaf yolunu seçməkdə maraqlıdırlar. Belarus xalqı gözəl bilir ki, onlar Rusiya ilə yox, Avropa xalqları və hökumətləri ilə əməkdaşlıq etsələr, gələcəklərini qura biləcəklər. Ona görə də, onlar Rusiyaya yox, Qərbə meyllənirlər.

2020-ci ildə Belarusda baş verən çaxnaşma zamanı ruslar prosesə birbaşa müdaxilə etdilər. Hətta dövlət televiziyasına belə Rusiyadan “hazırlıqlı” jurnalistlər cəlb olundu. Belarusda demək olar ki, bütün sahələrdə ruslar dominantlıq edirlər. Belarus xalqı anlayır ki, Rusiya onlarla öz vassalı kimi davranır. Ona görə də, onlar torpaqlarında rusların ağalığını istəmirlər, artıq beziblər. Təsadüfi deyil ki, 2020-ci ildəki aksiyalar zamanı onlar təkcə Lukaşenkodan yox, həm də Rusiyadan qurtulmaq istədiklərini dilə gətirirdilər.

Belarus xalqı özünü Ukraynaya daha yaxın bilir. Ona görə də, özlərini onlara aidiyyatı olmayan müharibədə görmək istəmirlər. Hesab edirəm ki, bunu Lukaşenko da anlayır. Əgər xalqın müharibədə marağı olsaydı, Lukaşenko Putinin əmrini çoxdan yerinə yetirərdi. Əslində, Ukrayna da bunu bilir. Məhz bu səbəbdən də Belarusdan atılan raket zərbələrinə qarşılıq vermir. Ukrayna və Qərb koalisiyası bilir ki, baş verənlər belarusluların günahı deyil. O da təsadüfi deyil ki, Ukrayna tərəfdən döyüşmək üçün belaruslulardan ibarət könüllü dəstələr yaranıb və onlar da Rusiyaya qarşı savaşırlar.

Rusiyanın Ukraynadakı işğalçı müharibəsi gözlənilənin əksinə uzanır. Bu həm də bölgə xalqlarını, ən əsası isə Belarus xalqının həyat və şəraitinə ciddi təsir göstərir. Belarus xalqı ilə Ukrayna xalqı arasında geniş ticarət dövriyyəsi mövcud olub. Bu müharibə nəticəsində Belarusdan olan sahibkarlar və şirkətlərə ciddi ziyan dəyib. Eyni zamanda, Rusiyanın yanında yer aldığı üçün Qərbin tətbiq etdiyi ağır sanksiyalardan Belarus da öz “pay”ını alır. Beləliklə, belaruslar hakimiyyətin səhv yön tutmasına görə əziyyət çəkirlər.

Heç kimə sirr deyil ki, Rusiya Lukaşenko vasitəsi ilə Belarusun yalnış qərarlar verməsində əsas rol oynayır. Çünki Lukaşenkonun hakimiyyətdə qalmasının əsas səbəbkarı məhz Kremldir. Lukaşenko Moskvadan gələn tezislər əsasında öz xalqına qarşı zor tətbiq etməkdən çəkinmir. Kreml isə Lukaşenkonu xalqdan qoparmaqla öz maraqlarını təmin etməyə çalışır.

Lukaşenkonun Moskvanın yanında olması Belarusun beynəlxalq imicini yerlə bir edir. Beynəlxalq münasibətlərdə Belarusu ciddi dövlət kimi tanıyan ölkələrin sayı çox azdır. Lukaşenkonun yeritdiyi siyasət Belarusu Rusiyanın forpostu səviyyəsinə endirib. Lukaşenko Belarusu sürətlə Rusiyanın bir quberniyasına çevirməkdədir. Bu, gələcəkdə Belarusun müstəqil dövlət kimi mövcudluğunu da sual altına alır. Belarus xalqı bunun fərqindədir. Hesab edirəm ki, bunun baş verib-verməyəcəyi Belarus xalqının iradəsindən aslı olacaq.

Emin Fərzəliyev

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90