Un ucuzlaşır, çörəyin qiyməti isə yerində sayır… – Səbəb nədir?

image-c42dde5aff393a4b19f09b3598ea46331641311040_untitled-1-jpgbackend

“Unun ucuzlaşmasına baxmayaraq, çörəyin qiymətinin yerində sayması rəqabət mühitinin olmamasından qaynaqlanır”.

Bunu Qaynarinfo-ya açıqlamasında “Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli son zamanlar unun qiymətində baş verən ucuzlaşmanın çörəyin qiymətinə təsir göstərməməsinin səbəblərindən danışarkən deyib.

“Unun qiyməti bir il müddətində 42-43 manatdan 25-26 manata düşüb. Dünya bazarında buğdanın da qiyməti 40-45 faiz ucuzlaşıb. Hazırda Rusiyadan gətirdiyimiz ərzaq buğdasının bir tonu 200 dollardan (340 manat) da aşağıdır. Bir ton buğdadan 800 kq un alınır. Yerdə qalan 200 kq-dan isə kəpək əldə olunur. Hər ikisini nəzərə alanda unun kilosu 18-19 qəpiyə düşür. Bir kilo undan isə iki ədəd zavod çörəyi alınır. Çörəyin qiyməti isə ən yaxşı halda 60 qəpikdir. Yəni maya dəyərindən 3 dəfə baha satılır. Yaranmış bu vəziyyət rəqabət mühitinin olmamasından qaynaqlanır. Çörək bişirənlər bir-birilə sindiqat razılaşmaya gedərək, ümumi qiymət formalaşdırırlar. Yəni unun ucuzlaşmasına rəğmən çörəyin qiymətinin aşağı düşməməsinin yeganə səbəbi həmin sahədə rəqabət mühitinin olmamasıdır”.

Qeyd edək ki, iyunun 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb. Sonuncu məlumata görə, topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişir.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 27,2 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 29,2 manata “Neon” Firması satır.

Halbuki iyunun əvvəlində “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, “Neon” Firması isə 32,9 manata satırdı.

Məlumat üçün qeyd edək ki, ilin əvvəlindən bu yana Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki