Azərbaycan Televiziyasının əməkdaşları Fransa müstəmləkəsindən azad olmaq uğrunda mübarizə aparan Korsika adasından sənədli film hazırlayıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Korsika: etiraz adası” adlanan filmin çəkilişləri zamanı TV əməkdaşları üsyanların ən qaynar nöqtələrində olublar, hadisələrin gedişatını lentə alıblar.
Bundan əlavə, azadlıq mübarizəsinin fəallarından müsahibələr alınıb. Onlar Fransaya qarşı qəzəblərinin kökündə əslində nələrin dayandığını dilə gətiriblər. Fransa müstəmləkəsinə qarşı çıxanların həbsi, işgəncəyə məruz qalması, susdurulması üçün məhbus həyatına düçar edilməsi əhalini bir az da hiddətləndirib.
“Korsika: etiraz adası” sənədli filmi fevralın 3-ü saat 22:10-da AzTV-də yayımlanacaq.
Film, həmçinin AzTV-nin rəsmi yutub kanalında və feysbuk səhifəsində də paylaşılacaq.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.
QSC-nin nəzdində hazırda 3 televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı – Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.
Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də, İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.
QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.