Avropa İnvestisiya Bankı (EIB) enerji keçidini sürətləndirmək üçün hər bir layihə üçün 75 %-ə qədər maliyyə yatırmaqla 2027-ci ilə qədər 45 milyard avro ayıracaq.
Busaat.az xəbər verir ki, bunu EIB-in vitse-prezidenti Celsomina Viqliotti İtaliyada keçirilən Enerji Sammitində çıxışı zamanı deyib.
“Biz iri neft-qaz şirkətlərinin maliyyələşdirilməsi ilə bağlı əlaqələrimizə yenidən nəzər yetirdik. Aydınlaşdırdıq ki, yalnız “Eni” və neft-qaz sektorunda digər şirkətlər əhəmiyyətli resurslara malik bərpa olunan enerji mənbələrinə investisiya qoya biləcək maliyyə imkanlarına sahibdirlər”, – vitse-prezident vurğulayıb.
O, EIB-in iri kommunal xidmətlər üçün risk limitlərinə də yenidən baxıldığını bildirib: “Enerji səmərəliliyi ilə çox şey baş verə bilər, məqsəd daha az enerji istehlak etməkdir. Avropa Komissiyasının fikrincə, sərfiyyat 1 % azalsa, biz Rusiyadan təbii qaz idxalını əhəmiyyətli dərəcədə azalda bilərik. Bu, diqqət yetirmək istədiyimiz sahədir”.
C.Viqliotti əlavə edib ki, dəniz külək sektorunda hələ də boşluqlar var: “Düşünürük ki, ölkəmizin [İtaliya] təmiz enerji istehsalı üçün əhəmiyyətli potensialı var. Bununla belə, hidrogen sahəsində “yaşıl enerji”nin qiyməti ilə bağlı hələ də ciddi problemlərimiz var. Artan tələbat və istehsal qeyri-yaşıl hidrogen çatışmazlığını ödəyə bilər. Çox enerji istehlak edən böyük istehsal layihələri ən mühüm potensiala malikdir. İtaliyada sınaqlar digər ölkələrə nisbətən baha başa gəlir, lakin bu istiqamətdə ciddi işlər görülür”.
Qeyd edək ki, EIB Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı və Aİ-nin digər ikitərəfli sazişləri çərçivəsində fəaliyyət göstərir. Bu günə qədər bank Azərbaycana 96 milyon avrodan çox investisiya yatırıb. EIB-in Azərbaycanda aktiv kredit portfelinin hazırkı həcmi 26 milyon avro təşkil edir.
Bundan əlavə, EIB Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 1 milyard avro ayırıb. Bu vəsait Türkiyənin “BOTAŞ Petroleum Pipeline Corporation” şirkətinin TANAP-dakı payının maliyyələşdirilməsi üçün ayrılıb.