“WhatsApp”la bağlı HƏYƏCAN TƏBİLİ – Təhlükə var!

image-whatsapp-logo-600x313backend

“WhatsApp”da yeni funksiya yaradılacaq. Bildirilir ki, vatsap digər proqramlardan gələn yazışmalara dair sorğuları qəbul etməyə və ya rədd etməyə imkan verəcək funksiya hazırlayır. Bu seçim istifadəçilərə kimsə üçüncü tərəf proqramından onlara mesaj göndərməyə çalışdıqda bildirişləri qəbul edib-etməməyi seçmək və onlara xarici platformalardan başlayan qarşılıqlı əlaqə üzərində daha çox nəzarət imkanı verəcək.

Bu yenilik insanları dələduzlardan qorumaq üçün nə dərəcədə effektivdir? Beləliklə, onlayn yolla insanları tələyə salmağa çalışanların qarşısı alına bilərmi?

Sözügedən məsələ barədə “Yeni Sabah”a açıqlama verən İKT üzrə ekspert Bəhruz Əliyev bu funksiyanın dələduzluq əməllərinin qarşısını qismən alacağını bildirib:

“WhatsApp”da yeni funksiyanın istifadəyə verilməsi, istifadəçilərin üçüncü tərəf proqramlarından (İlkin olaraq, düşünürəm ki, Facebook, Instagram kimi platformalarından) gələn mesajları qəbul etmə və ya rədd etmə imkanı yaratmaqla, şübhəli və dələduzluq məqsədli mesajlardan qorunmaq baxımından müsbət bir addım ola bilər, amma tələyə salmağa çalışanların qarşısını tamamilə alacaq qədər, xüsusi bir köməyi olmayacaq.

Yeni funksiya əsasən xarici proqramlardan “WhatsApp”a gələn yazışmalara dair xəbərdarlıq və idarəetmə imkanı təklif edir. Bu, istifadəçilərə xarici platformalardan gələn mesajları daha asanlıqla bloklamağa və ya qəbul etməyə imkan verəcək. Məsələn, dələduzlar digər tətbiqlər üzərindən “WhatsApp”a mesaj göndərməklə istifadəçiləri aldatmağa çalışarsa, istifadəçi bu cür mesajları qəbul etməyərək onların qarşısını ala bilər. Bu, xüsusilə spam, fişing və saxta reklamlar kimi xarici platformalardan gələn dələduzluq cəhdlərinin qarşısını almağa kömək edə bilər”.

Ekspert qeyd edib ki, həmin funksiya yalnız xarici tətbiqlərdən gələn mesajlara aiddir:

“Bu, WhatsApp daxilindəki dələduzluq fəaliyyətləri, məsələn, saxta bank mesajları, “qələbə” bildirişləri, və ya şübhəli şəxslərin birbaşa olaraq WhatsApp üzərindən istifadəçilərlə əlaqə qurması halları üçün  hər hansı bir həll deyil. Yəni, bu xüsusiyyət, WhatsApp daxilindəki, birbaşa dələduzluq cəhdlərinə qarşı tədbir deyil.

Bir çox dələduzlar hələ də sosial mühəndislik üsulları ilə insanları aldatmağa davam edir. Məsələn, İstifadəçilərin “WhatsApp”da gələn mesajları qəbul edib-etməməyi seçmək imkanı olsa da, dələduzlar insanların zəif tərəflərindən istifadə etməyə davam edirlər. Onlar saxta əlaqələr qurmaq, zənglər və ya mesajlar vasitəsilə insanları aldatmağa çalışa bilərlər. Bu funksiyanın yalnız üçüncü tərəf tətbiqlər ilə əlaqədardır və “WhatsApp” daxilindəki şübhəli və ya təhlükəli yazışmaları aradan qaldırmır.

Yeni funksiya, istifadəçilərin xarici proqramlardan gələn mesajları daha yaxşı idarə etmələrinə kömək edəcək, amma dələduzluqlara qarşı mübarizənin yalnız texniki həllərlə bitmədiyini bilmək lazımdır. İstifadəçilərin məlumatlı olması, saxta mesajları tanımaq və şübhəli əlaqələrdən qaçmaq kimi davranışları inkişaf etdirmək çox vacibdir. Bunun üçün də əsas yol daimi maariflənmədən keçir”.

B.Əliyev onu da vurğulayıb ki, sözügedən yazışma platforması daxilində bir sıra aldatma üsulları hələ də təhlükə riski yaradır:

“Beləliklə bilmək lazımdır ki, yeni imkan istifadəçilərə “WhatsApp”da xarici tətbiqlərdən gələn mesajlar üzərində daha çox nəzarət imkanı verərək bəzi dələduzluq və spam halları ilə mübarizədə müsbət rol oynaya bilər. Lakin, yalnız bu xüsusiyyətlə dələduzların qarşısını tamamilə almaq mümkün deyil, çünki “WhatsApp” daxilində birbaşa mesajlaşma və sosial mühəndislik üsulları ilə aparılan aldatma halları hələ də ciddi təhlükə olaraq qalır. İnsanları onlayn tələlərdən qorumaq üçün həm texnoloji həllər, həm də istifadəçilərin maariflənməsi vacibdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki