Zakir Fərəcov haqda Prezidentə AÇIQ məktub – 3 milyonu qaytarmır…

image-1716882497_u8iolbackend

Bir qrup iş adamı Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqadarda borclarını qaytarmamaları ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.

Bununla bağlı sözügedən sahibkarlar adından Moderator.az-a açıq məktub daxil olub.

Məktubda qeyd edilir ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin əsas prioritetlərindən biridir. Lakin bu strategiya heç də bütün məmurlar üçün belə deyil. Belə ki, Sumqayıt ŞİH başçısı Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyev iş adamlarının uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq 2 milyon 900 min manatlıq borcu qaytarmırlar.

İş adamlarının sözlərinə görə, məsələ ilə bağlı artıq Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə məktubla müraciət ediblər.

Müraciəti yayan iş adamları deyir ki, Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin baş memarı Adil Xudadatov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təşviş içindədirlər. Bu səbəbdən müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verirlər.

“Bir neçə il əvvəl Sumqayıtın Yeni Bulvar Kompleksini yüksək səviyyədə qura biləcəyimizi Zakir Fərəcova bildirdik. O, söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra daha geniş coğrafiyada işləmək üçün bizə hər cür şərait yaradacaq. Onun vədlərinə və yalan uydurmalarına qanaraq işlərin gedəcəyi əraziyə birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Zakir Fərəcov şəhərin Bakı – Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırmışdı, bu barədə də orada razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızla işə başladıq. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyimiz kimi, yüksək səviyyədə, tam təhvil verdik. Lakin gördüyümüz işlərin qarşılığı olaraq – halal pullarımız bu günədək çalışdığımız MMC-nin hesabına tam şəkildə ödənilməyib.

Onu da qeyd etmək istəyirik ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S.Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdırılaraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu günə qədər ödənilməyib. ŞİH başçısına şikayət ərizələri çatdırsaq da, heç bir nəticə əldə edə bilməmişik”, – müraciətdə vurğulanıb.

İş adamları onu da bildirirlər ki, işlərin gedişi zamanı əvvəlcədən tələb olunan pullar şəhərin Baş memarı Adil Xudadatov tərəfindən nəğd şəklində ödənilirdi: “Bu şəxslə aramızda yaranan münasibət nəticəsində məlum oldu ki, bizə verilən pullar şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən iş adamlarından, müxtəlif qurum və təşkilatlardan yığılır. Material almağa görə pul lazım olduğunu bildirdikdə bu şəxs “Hələ pul yığılmayıb, yığılan kimi sizə çatdıracağıq” deyirdi. İşlər dayanmasın deyə, tikinti materiallarını yaxın tanışlarımdan nisyə almağa məcbur olurdum. Kompleksin tikintisində çalışanların zəhmət haqlarının gecikdirilməsi səbəbindən də tələb olunan xərcləri yaxşı münasibətdə olduğumuz imkanlı dost-tanışlarımdan borca aldığımız pullar hesabına ödəyirdik. Çünki təkcə Zakir Fərəcov deyil, Adil Xudadatov da, işlərin dayandırılmamasını bizdən xahiş edirdi. Bu şəxslər yaxın müddət ərzində pulların tam ödəniləcəyinə, hətta işlərin vaxtında təhvil verilməsi üçün hədsiz yalvar-yaxarlı vədlər də verirdilər. Onların çirkin əməllərinə baxmayaraq, tapşırılan işləri imkan daxilində yüksək keyfiyyətlə yerinə yetirdik. Onu da qeyd edək ki, ayrı-ayrı şəxslərdən nisyə götürdüyüm təmir-tikinti materiallarının dəyərini hələ də tam şəkildə ödəməmişəm”.
“Möhtərəm Prezident!

Sumqayıtda Yeni Bulvar Kompleksinin açılışı zamanı Siz görülən işlərdən və işlərin keyfiyyətlə yerinə yetirilməsindən olduqca razı qaldığınızı bildirdiniz və onu da vurğuladınız ki, “Bu qədər işlərin tez bir zamanda belə bir səviyyədə həyata keçirilməsi əsl möcüzədir”. Sizin fikirlərinizə rəğmən bir daha demək istəyirik ki, həmin möcüzəni yaradan bizik. Çox təəssüflər olsun ki, gördüyümüz belə bir möcüzəli işlərin dəyərini ötən 6 il ərzində başçıdan ala bilmirik. Adil Xudadatovdan başqa, icra başçının digər yaxını hesab olunan Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev də, kompleksin salınmasına görə büdcədən bir manat da olsa pul vəsaitinin ayrılmadığını deyirdi. Guya ki, icra başçısı bütün işləri özünün göstəriş və tələbi ilə yığılan pulların hesabına həyata keçirib. Buna görə də, icra başçısı görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq etdirməklə, ona bağışlamağımızı tələb edir. Yüksək məbləğin yerdə qalan hissəsinin əvəzində icra başçısı bizə torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər verməyi təklif edir. Bu təklif bizi qane etməsə də, məcbur olub razılaşdıq, sonradan həmin təkliflər elə söz olaraq da qaldı. Əvvəllər olduğu kimi, bu gün də Zakir Fərəcov ödəniş etmək istəmir və bizə hədə-qorxu gəlir, bizi həbs etdirməklə də hədələyir. Hətta, bu şəxs haqqını tələb edən bir neçə şikayətçini günlərlə polis orqanlarında qeyri-qanuni saxlatdırıb.

Gündüz Əliyevin qanunsuz əməlləri ilə bağlı onu da qeyd edək ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı artıq yekunlaşıb. İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib. Cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
Bütün bunlara rəğmən, G.Əliyev hələ də vəzifələrinin başındadır və qeyd etdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində baş müəllim kimi də çalışır. Bizə maraqlıdır, görəsən universitetdə nədən dərs deyir, korrupsiyadan?!
Bildirmək istəyirik ki, Zakir Fərəcov görüşlərimizin birində “yuxarıdan 6.000.000 manat xərc tələb edən bir məktəb binasının və bir uşaq bağçasının öz vəsaitlərimiz hesabına tikilməsi tapşığı verilib. Belə bir məbləğdə vəsaiti tapa bilmirik və buna görə də sizə olan borcu ödəmək imkanımız yoxdur” dedi. Artıq Zakir Fərəcovun bu cür uydurma və yalanlarından bezmişik. Axı, biz də bilirik ki, Yeni Bulvar Kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən lazımi məbləğdə vəsait ayrılmışdır. Həmin pullar hara xərcləndi, bu, hələ də bizə məlum deyil.

Qeyd edək ki, Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin hamısı bizim tərəfimizdən həyata keçirilib. Əldə etdiyimiz sübutlara və dəqiq məlumatlara görə, icra başçısı daha bir saxtakarlığa imza atıb. Yəni həyata keçirdiyimiz işlərin başa çatdırıldığı ərəfədə ŞİH başçısının göstərişi əsasında gördüyümüz işlərin hamısı başqa müəsissələrin adlarına sənədləşdirilir. Əslində, gördüyümüz işlərə görə ayrılan pullar mənimsənilib və bağışlanması mümkünsüz hesab olunan cinayət hadisəsi baş verib. Hətta neçə ildir ki, borcu ödəməmək üçün üstümüzə başçı tərəfindən emissarlar da göndərilir. Bəzən həmin şəxslərlə danışıqlarımızın mövzusu başçı tərəfindən ifadə olunan hədələrdən ibarət olur. Bəzən də, onlar bizə bir qədər də gözləməyimizi məsləhət görürlər.

İcra hakimiyyətindən alacağımız pullar yüzlərlə fəhlənin alın təridir, iş adamlarının əzab-əziyyətlə ərsəyə gətirdikləri və satdıqları tikinti materiallarının qarşılığıdır. Borclu olduğumuz iş adamları da borc içində batırlar. Bu qədər insanı belə zillətə salmağa nə ad vermək olar? İndiyə kimi çoxsaylı şikayətlərimizi yazmışıq, heç bir əhəmiyyəti və nəticəsi olmayıb”, – deyə müraciətdə vurğulanıb.

İş adamları onu da qeyd edirlər ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra borclu olduğu iş adamlarını otağına dəvət edib və 50.000 manat verərək onları həbs etdirəcəyi ilə hədələyib.

Sahibkarların sözlərinə görə, həmin görüşdə başçı iş adamlarına belə deyib: “Siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edib atıram”.

“Zakir Fərəcov bizə xəbər göndərir ki, “Şikayət yazdığınız yuxarı orqanlar bizi çox sıxır, onlarla münasibətlərimiz sizin ərizələrinizə görə tamamilə korlanıb. Ona görə də komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın və həmin ərizəni mənə verin ki, onu yuxarı orqanlara göndərə bilim. Ərizəni yazdığınız halda borcları hissə-hissə ödəyəcəm”. Bu dəfə də onun sözlərinə inanıb tələyə düşdük. O, bizdən istədiyi ərizəni alsa da, yenə də borcları ödənilməmiş qaldı. Bizə məlumdur ki, Zakir Fərəcov ərizələrimizdən istifadə edib hər kəsi inandırır ki, “Sahibkarların borcları tamamilə ödənmişdir. Lakin bunların hamısı yalandır. Əgər bizə olan borclar ödənilmişdirsə, niyə biz bu gün də alacağımız pulların ödənilməsini tələb edirik. Həmin vaxtlarda Zakir Fərəcov qarşımıza şərt qoydu ki, “Ərizə verməsəniz, o halda borcunuz ödənilməyəcək. Yəni, biz borcların ödənilməsinə görə çıxılmaz vəziyyətdə qalıb ərizə yazmağa məcbur olduq. Çünki, icra başçısı Zakir Fərəcov bizə ayrı seçim etmək imkanı verməmişdi
Cənab Prezident və xanım vitse-prezident, bu məsələdə tək ümid yerimiz Sizsiniz. Biz halal zəhmətimizin haqqını istəyirik!”, – deyə sahibkarlar qeyd edirlər.

Müraciəti təsdiq edən iş adamları:

İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki