Ukrayna nümayəndə heyəti Donald Tramp administrasiyası ilə yüksək səviyyəli danışıqlar aparmaq üçün ABŞ-dadır, məqsədi hələ ABŞ-ın yeni prezidenti vəzifəyə başlamazdan əvvəl Rusiya ilə müharibənin həllində ciddi fikir ayrılıqlarını aradan qaldırmaqdır.
Busaat.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, çərşənbə günü Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals ilə görüşüb. Görüşdə vitse-prezident Vens də iştirak edib.
Nəşrin mənbələrinə görə, Yermak Trampın köməkçiləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Vaşinqtona səfər edib. Bundan əvvəl o, Floridada Ağ Evin yeni aparat rəhbəri Suzi Uayls ilə də görüşüb.
“Müzakirələrlə tanış olan insanların fikrincə, Yermak Ukraynanı sülhün əldə olunmasında ona maneə kimi yox, konstruktiv tərəfdaş kimi təqdim edəcək”, – nəşr yazır.
Kiyevin planları ilə tanış olan şəxsin nəşrə qeyd etdiyi kimi, Ukrayna sülhə hazır olduğunu bəyan etməyi planlaşdırır, “ancaq bu, sabit sülh olmalıdır, qeyri-sabit sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına cavab verir”.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, Kiyevin müharibəni bitirmək barədə düşünməsi üçün Ukraynanın işğal olunmamış hissələrinə NATO-ya üzv olmaq təklif edilməlidir.
“The Wall Street Journal” yazır ki, Trampın müşavirləri Rusiyanın Ukrayna ərazisinin təqribən 20%-ni ələ keçirməsini tanıyan və Kiyevin NATO-ya qoşulma imkanını müvəqqəti olaraq bağlayan sülh planlarını müzakirə ediblər.
Beynəlxalq Böhran Qrupunun ukraynalı analitiki Luçian Kim deyir: “Ukraynalılar potensial danışıqlarda maksimalist mövqelərini nümayiş etdirirlər. “Ola bilsin ki, onlar NATO-ya üzvlüyün yaxın gələcəyin məsələsi olmadığını başa düşürlər. Bəs niyə danışıqlar başlamazdan əvvəl bunu etiraf etməlidirlər?”.
O, həmçinin qeyd edir ki, Kiyev Co Baydenin hakimiyyətdən getməsindən çox məyusdur.
“Tramp administrasiyasının gəlişi Kiyevdə insanlarda irəliləyiş üçün ümid yaratdı. Bunun necə görünəcəyi sualdır. Amma bir şey aydındır: status-kvo sona çatacaq”, – Kim deyir.
Hələ noyabrın sonunda prezident Vladimir Zelenski Rusiya tərəfindən işğal olunmuş ərazilər geri qaytarılmadan belə, Ukraynanın dərhal NATO-ya qəbul edilməsi şərti ilə Rusiya Federasiyası ilə sülh sazişi imzalamağa hazır olduğunu açıqlamışdı.
“Reuters” daha əvvəl yazmışdı ki, müharibəni bitirmək üçün Trampın “sülh planı” üçün üç əsas variant var: Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun planı, vitse-prezident J.D.Vansın planı və Trampın keçmiş kəşfiyyat rəhbəri vəzifəsini icra edən Riçard Qrenellin planı.
Onlar bəzi nüanslarda fərqlənirlər, lakin hamısı hazırkı cəbhə xəttində müharibənin “dondurulmasını” və Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını nəzərdə tutur.