
Zelenski İranı ittiham etdi: "Silah verməsələr, sülhə daha yaxın olardıq"
“İran işğalçıya silah verməsəydi, indi sülhə daha yaxın olardıq”.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski Telegram hesabında paylaşdığı video mesajında həmçinin, Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula Von Der Leyen ilə telefon danışığında AB-nin Ukraynaya makro-maliyyə dəstəyinin təfərrüatlarının müzakirə etdiklərini bildirib.
“İran işğalçıya (Rusiya) silah verməsəydi, indi biz sülhə daha yaxın olardıq. Rusiya Qüvvələri bu gün Ukraynadakı hücumlarında yenidən İran istehsalı olan PUA-lardan istifadə edir. Rusiya Ukraynadakı enerji infrastrukturlarını hədəf almağa davam edir. İnfrasturukturun zədələnməsi səbəbindən ölkə üzrə 4,5 milyon abonent elektrik enerjisi ilə təmin edilməyib. Problemlərin həlli ilə bağlı hökumət rəsmiləri ilə görüş keçirdik. Hər bir ssenarini ətraflı müzakirə etdik və müvafiq tədbirlər hazırladıq” –deyə, Zelenski İranı Rusiyaya silah verməkdə və bununla da müharibəni uzatmaqda günahlandıraraq Leyenlə çıxışında bu məsələni də müzakirə etdiklərini və dünyanın İrana reaksiya verməsi lazım olduğunu bildirib.
Zelenski Rusiya Qüvvələrinin ən intensiv hücumlarını Donetsk cəbhəsində həyata keçirdiyini vurğulayıb: “Düşmən orada ciddi itkilər verir, lakin hücumlarına davam edir”.
Busaat.az























