
2022-ci ildə öldürülən jurnalistlərin sayı ötən illə müqayisədə 45% artdı
Press Emblem Campaign bu il 115 media işçisinin həyatını itirdiyini bildirib.
Busaat.az xəbər verir ki, bununla da bu il dünyada öldürülən jurnalistlərin sayı 2021-ci illə müqayisədə 45 faiz artıb.
Press Emblem Campaign tərəfindən verilən açıqlamada, Ukrayna ilə Rusiya arasındakı müharibənin sarsıdıcı təsirlərinin bu il jurnalistlərə çox daha mənfi təsir etdiyi bildirilib.
Açıqlamaya görə, 2022-ci ildə ümumilikdə 29 ölkədən 115 media işçisi həlak olduğu halda, 2021-ci ildə ümumilikdə 79 media işçisi öldürülüb. Bu il ölənlərin sayının 2018-ci ildən bəri ən yüksək göstərici olduğu vurğulanıb.
2022-ci ildə Latın Amerikasında 39, Avropada 37, Asiyada 30, Afrikada 7, Şimali Amerikada 2 media işçisi öldürülüb.
Fevralın 24-də müharibə başlayandan bəri Ukraynada 34 media işçisinin həyatını itirdiyi bildirilir. Digər tərəfdən Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) dərc etdiyi hesabatda dünyada hələ də həbsdə olan 533 jurnalistin olduğu və bu rəqəmin ötən illə müqayisədə 13,4 faiz artdığı qeyd edilib.
Senzuranın və nəzarətin fövqəladə həddə çatdığı Çində 110 jurnalistin həbsdə olduğu bildirilib.
Busaat.az























