
23 İŞİD üzvünə ölüm hökmü verildi
Liviya məhkəməsi İŞİD terror təşkilatının 23 üzvü haqqında ölüm hökmü çıxarıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Liviyanın qərbində yerləşən Misrata Apellyasiya Məhkəməsində terror təşkilatı üzvlərinin məhkəməsi keçirilib.
2022-ci ilin avqustunda başlayan məhkəmə prosesi çərçivəsində əksəriyyəti Sirtdəki qarşıdurmalarda əsir götürülən Liviya, Suriya, Sudan və Misirdən olan 320 nəfər terror təşkilatı İŞİD üzvü olduqları üçün mühakimə olunub.
İş üzrə 23 təqsirləndirilən şəxs barəsində ölüm hökmü, 14 nəfərə ömürlük həbs və vətəndaşlıq hüququndan məhrumetmə cəzası verilib.
Bundan başqa, təqsirləndirilən şəxslərdən biri 12, 6-sı 10, biri 5, biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib; Xarici ölkə vətəndaşlarının cəzalarını başa vurduqdan sonra deportasiya edilməsinə qərar verilib.
5 nəfərin bəraət aldığı iddiada həyatını itirən 2 nəfərin də haqqında qaldırılan iddialar ləğv edilib.
Digər təqsirləndirilən şəxslərin məhkəməsi davam etdiyindən onların barəsində hökm elan olunmayıb.
Müttəhimlər 2015-ci ildə Sirtdə 21 misirli xristianın öldürülməsi, eyni il Musallata şəhərində bombalı hücum və polis təlim mərkəzinin bombalanması da daxil olmaqla, hamısını İŞİD-in üzərinə götürdüyü bir çox cinayətlərdə mühakimə olunurdular.
Busaat.az























