
40-dan çox rusiyalı diplomat Moldovadan çıxarılacaq
Rusiya səfirliyinin 45 əməkdaşı, o cümlədən diplomatlar və texniki işçilər Moldovadan çıxarılacaq.
Busaat.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin kommunikasiyalar üzrə müşaviri İqor Zaxarov TASS-a bildirib.
Bildirilir ki, diplomatik missiyanın 45 üzvü Moldovanı tərk edəcək.
Məlumata görə, Rusiyanın Moldovadakı səfirliyində şəxsi heyətin Moldovanın Moskvadakı səfirliyindəki ştatlar səviyyəsinə, 10 diplomat və 15 əməkdaş olaraq ixtisar edilməsi barədə qərar qəbul edilib. Bu qərar qeyri-dost hərəkətlər və Moldovada daxili sabitliyi pozmaq cəhdləri ilə izah edilib.
Bununla bağlı Rusiya səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfir, casus qalmaqalını diplomatik heyətin ixtisarı ilə bağlı qəbul edilmiş qərarın həyata keçirilməsi üçün sadəcə bəhanə adlandırıb. Onun sözlərinə görə, Kişinyovun bu hərəkətləri iki ölkə arasında dialoq şanslarını ciddi şəkildə pozur.
Busaat.az























