
44 Çin döyüş təyyarəsi Tayvan sərhədlərində: "İzləmələr davam edir"
Tayvan sərhədlərində Çinə məxsus 44 döyüş təyyarəsi, 2 hərbi pilotsuz təyyarə və 4 döyüş gəmisi görünüb.
Busaat.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyindən açıqlama verilib.
Açıqlamada qeyd edilib ki, adanın ətrafında aşkarlanan ümumilikdə 46 təyyarə və 4 gəmi elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izlənib.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun əvvəlindəki səfərindən sonra Çinin Tayvan ətrafında hərbi patrul fəaliyyətini artırdığı müşahidə edilib.
Səfərdən sonra Çin ordusu adanın ətrafında 7 gün davam edən təlimlərə başlayıb və adanın ətrafında faktiki blokada yaradıb. Həqiqi silah və sursatlardan istifadə edilən təlimlər zamanı materik Çindən atılan idarə olunan raketlər Tayvan yaxınlığındakı sulara düşüb.
Əlavə edək ki, Pekin “Vahid Çin” prinsipini vurğulayaraq, Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, BMT-də və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrdən Tayvanla diplomatik əlaqələri kəsməyi tələb edir.
Çin Xalq Respublikası (ÇXR) özünün bir hissəsi olduğunu iddia etdiyi Tayvan, 1949-cu ildən faktiki olaraq müstəqillik əldə edib. Çin və Tayvan arasındakı ziddiyyətlər hələ də davam edir.
Busaat.az























