
ABŞ-dan Türkiyə QƏRARI
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya-Ukrayna müharibəsinin sona çatmasında Türkiyənin oynadığı konstruktiv rolu yüksək qiymətləndirdiklərini vurğulayaraq, Türkiyənin iki ölkə ilə əlaqələrindən sülh ümidi üçün istifadə etdiyini bildirib.
Busaat.az xəbər verir ki, Prays, həmçinin, Türkiyənin Vaşinqtondakı səfirliyinin tələbi ilə rəsmi yazışmalarda “Turkey” əvəzinə “Türkiyə” sözündən istifadə edəcəklərini də açıqlayıb.
Rusiyanın Ukraynada atəşkəs elan etməsindən sonra Türkiyənin bu istiqamətdəki səyləri ilə bağlı sualları cavablandıran Prays deyib: “Türkiyənin bu vəhşi müharibəni sona çatdırmaq üçün göstərdiyi konstruktiv rolu yüksək qiymətləndiririk. Biz Türkiyənin Ukraynanın ərazi bütövlüyünə sadiqliyini və Ukrayna ilə Rusiya arasında dialoqun yaxşılaşdırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”.
Ankaranın müharibə başlayandan bəri “konstruktiv oyunçu” olduğunu qeyd edən Prays, “Türkiyə konstruktiv oyunçu olub. O, dialoqu və diplomatiyanı inkişaf etdirməyə çalışır” – deyə, qeyd edib.
Prays atəşkəs məsələsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından əlavə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin ev sahibliyi etdiyi Qara Dəniz Taxıl Təşəbbüsündə prezident Rəcəb Tayyib Ərdoğanın oynadığı rola da diqqət çəkib.
Sözçü davam edib: “Türkiyənin oynadığı rol olmadan bu mexanizm (Taxıl Təşəbbüsü) yenilənə bilməzdi. Nəticə etibarı ilə bu mexanizm dünyanın ən ehtiyacı olan ölkələrini tonlarla taxılla təmin edən mexanizmdir. NATO üzvü mövqeyindən və beynəlxalq ictimaiyyətlə yaxşı münasibətlərindən istifadə edən Türkiyə, həmçinin, Ukrayna və Rusiya ilə əlaqələrindən istifadə edərək sülh ümidlərini artırmağa çalışıb”.
Prays onu da bildirib ki, bu cəhdlər uğursuzluqla nəticələnərsə, cavabdeh Türkiyə deyil, Moskvadır.
Busaat.az























