
ABŞ-dan Ukraynaya böyük jest: 12,4 milyard dollar yardım ayrılır
ABŞ prezidenti Coe Bayden Ukraynaya 12,4 milyard dollar əlavə yardım da daxil olmaqla, Birləşmiş Ştatlar hökumətinin 2022-ci ilin 16 Dekabr tarixinə qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ağ ev yayıb.
“Prezident 30 Sentyabr 2022-ci il tarixində Davamlı Təhsisatlar və Ukraynaya Əlavə Təhsisatlar aktını imzalayıb. Bu akt 16 Dekabr 2022-ci il tarixinə qədər Federal agentliklərə 2023-cü maliyyə ili üçün vəsait ayrılmasını nəzərdə tutur. Federal hökumətin davam edən layihələr və fəaliyyətlərinə Ukraynaya dəstək vermək üçün əlavə vəsaitlər daxildir” –deyə, Ağ evdən bildirilib.
Yardımın 7,8 milyard dolları müdafiə ehtiyaclarına, 4,5 milyard dolları isə birbaşa Ukrayna dövlət büdcəsinə ayrılacaq.
Qanun layihəsi, həmçinin ABŞ liderinə Ukraynanın silahlı qüvvələrini dəstəkləmək üçün ABŞ ehtiyatlarından 3,7 milyard dollar dəyərində silahın ötürülməsinə icazə verməyə imkan verəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ukraynaya 1,1 milyard dollar məbləğində hərbi yardım paketi elan edib. Paketə 18 yeni HİMARS və dron əleyhinə sistemlərdən əlavə, yüzlərlə zirehli maşın və radar sistemi də daxil olunub.
Busaat.az























