
ABŞ İranın Rusiyaya mümkün raket tədarükünə müdaxilə edəcək
İranın Rusiyaya kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə birlikdə qanadlı raketlər tədarük edəcəyi ilə bağlı iddialar, ABŞ-ın buna necə cavab verəcəyi ilə bağlı sualları gündəmə gətirib.
Busaat.az xəbər verir ki, mövzu ilə bağlı ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında dəyərləndirmələr edib.
“ABŞ İranın Rusiyaya mümkün raket tədarükünün qarşısını alacaqmı?” sualını cavablandıran Prays qeyd edib: “Əlbəttə ki, müqavimət göstərilə bilər və bizim niyyətimiz budur. Biz bütün vasitələrdən istifadə edəcəyik”.
ABŞ Dövlət Departamenti İranın Rusiyaya mümkün raketlər göndərməsinin qarşısını almaq üçün hərbi variantların da masada olduğuna işarə edərkən, Müdafiə Nazirliyi (Pentaqon) hərbi variantlardan çox sanksiyalara işarə edib.
Belə ki, eyni sual Pentaqona da ünvanlanıb.
Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder deyib: “Mənim ABŞ ordusunun İrandan silah-sursat daşınmasına hər hansı şəkildə müdaxilə edəcəyi barədə bildiyim bir qərar yoxdur”.
Rayder qeyd edib ki, o və Ağ Ev bu silah daşınmasının qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla bir çox səylər barədə danışıb.
İranın Rusiyaya ballistik raketlər vermə ehtimalının narahatlıq doğurduğunu ifadə edən ABŞ generalı, “Müdafiə Nazirliyi üçün hazırda diqqətimiz ukraynalıların döyüş meydanında ehtiyac duyduğu təhlükəsizlik yardımını təmin etməyə çalışmaqdır. Lakin biz bu məsələni (İranın Rusiyaya raket daşıması) diqqətdə saxlayacağıq” – deyə, əlavə edib.
Busaat.az























