
ABŞ: Rusiya Ermənistan və Azərbaycan siyasətində Vaşinqtona qarşı dezinformasiya yayır
Rusiya Ermənistan və Azərbaycan arasındakı problemlərin həlli istiqamətində Vaşinqtonun addımlarını yanlış qiymətləndirərək dezinformasiya yayır.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Departamentin mətbuat konfransında qeyd edib.
“Ermənistan və Azərbaycana qarşı niyyətlərimizə gəldikdə, müəyyən dairələrdən, o cümlədən Moskvadan yayılan dezinformasiya yəqin ki, davam edir. Birləşmiş Ştatlar bu iki ölkənin tərəfdaşıdır. Biz onilliklər ərzində bu ölkələrin hər ikisinin tərəfdaşı olmuşuq. Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistanın və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan böyük dəstəkçi yoxdur. Biz Ermənistan və Azərbaycanla əlaqə qurarkən bunu bir məqsədlə və yalnız bir məqsədlə edirik, o da zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna qaytarmaqdır. Biz bu ölkələri – Ermənistan və Azərbaycanı təşviq etmişik və aydın şəkildə bildirmişik ki, bu onlar üçün ən faydalı olan formatda həyata keçirilməlidir. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq” – deyə, Prays əlavə edib.
“Rusiya Federasiyasının səyləri barədə konkret şərh vermək fikrində deyiləm, ancaq demək istəyirəm ki, onlar bu iki ölkənin qarşıdan gələn danışıqlarına necə yanaşacaqlarına qərar verməlidir. Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzü və Ukraynaya qarşı davam edən vəhşi işğalı göstərir ki, Moskva qonşularının suverenliyinə çox az hörmət edir və o, çətin ki, etibarlı, uzunmüddətli tərəfdaşdır. Biz hesab edirik ki, onun mövqeyi ABŞ-dan tamamilə fərqlidir. Yenə də bizim yeganə niyyətimiz bu ölkələrə qarşı zorakılığa son qoymağa, Ermənistan və Azərbaycan xalqlarının ümidsiz şəkildə arzuladığı davamlı və hərtərəfli sülhə nail olmaqda kömək etməkdir” -deyə, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.























