ABŞ Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığından narahatdır.
Busaat.az xəbər verir ki,bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi mətbuat konfransında jurnalistlərə bildirib.
O, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasındakı görüşün dəqiq nəticəsini bilmədiklərini ifadə edərək, Moskvanın Pxenyanla potensial silah müqaviləsi imzalamağa çalışdığını söyləyib.
“Biz əvvəllər İran və Rusiya arasında inkişaf edən müdafiə əlaqələri haqqında ifadə etdiyimiz kimi, Şimali Koreya ilə Rusiya arasında inkişaf edən müdafiə əməkdaşlığından da narahatıq”- Kirbi deyib.
O, Rusiyanın Şimali Koreyanın qeyri-qanuni nüvə və ballistik raket proqramlarına verdiyi dəstəyin əhəmiyyətli narahatlığa səbəb olacağını vurğulayıb.
Şimali Koreyanın iki ölkə arasındakı bu əməkdaşlıqla öz hərbi potensialını artıra biləcəyini qeyd edən Kirbi, iki ölkə arasında silah anlaşması əldə edilərsə, bununla uyğun şəkildə məşğul olacaqlarını bildirib.
Qeyd edək ki, Putin və Kim dünən Rusiyanın Amur vilayətindəki Vostoçnı kosmodromunda görüşüblər.
Görüşdən əvvəl verdiyi açıqlamada Kim hər zaman Putin və Rusiya hökumətinin qərarlarını dəstəklədiklərini, Rusiya ilə əlaqələri daha da inkişaf etdirmək istədikləri mesajını verib.
Putin Kim ilə görüşünü də “məhsuldar” adlandırıb. Bölgədəki vəziyyət və ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.