
ABŞ Suriyadakı terror təşkilatları ilə əməkdaşlığı bərpa edir
Türkiyənin Suriyanın şimalında quru əməliyyatı keçirəcəyi ilə bağlı iddialar gündəmdə qalarkən, ABŞ-ın əsasını PKK/PYD/YPG terror təşkilatlarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri ilə dayandırılan birgə patrul əməliyyatlarını bərpa etdiyi bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Associated Press xəbər agentliyi yayıb.
Xəbərə görə, ABŞ Suriyanın şimalında Suriya Demokratik Qüvvələri ilə birgə patrul əməliyyatlarını bərpa edeib.
Suriya Demokratik Qüvvələrindən keçən həftə İngiltərə xəbər agentliyi Reuters-ə verilən açıqlamada Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarından sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə terrorla mübarizə əməliyyatlarının dayandırılmasına qərar verildiyi bildirilib.
Bu açıqlamaların Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Abdinin Vaşinqtondan Ankaraya daha güclü mesaj verməsini istəməsindən sonra gəlməsi diqqət çəkib.
Associated Press-in məlumatına görə, dünən Hasake əyalətindəki bazadan ABŞ və Suriya Demokratik Qüvvələrinə məxsus zirehli texnikanın birlikdə çıxdığı görülüb. Patrul qüvvələrinin İraq sərhədi yaxınlığındakı başqa bir ABŞ bazasına keçdiyi bildirilib.
ABŞ rəsmiləri dünən yenidən başlayan patrulların İŞİD-ə qarşı olmadığını, ancaq İŞİD-lə əlaqəsi olan məhbusların və onların ailələrinin saxlandığı düşərgələrlə məhdudlaşdığını açıqlayıb.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun mərkəzi Taksimin İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi terror aktından sonra Türkiyə Suriya və İraqın şimalında hava əməliyyatlarına başlayıb. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan quru əməliyyatının keçirilməsi ehtimallarına işarə edib.
ABŞ və Rusiya isə belə bir quru əməliyyatına qarşı bəyanatlarla çıxış ediblər.
Busaat.az























