
ABŞ və Cənubi Koreya prezidentləri Ukraynaya silah tədarükünü müzakirə etməyiblər — Yonhap
Cənubi Koreya və ABŞ prezidentləri Vaşinqtonda apardıqları danışıqlar zamanı Cənubi Koreyanın Ukraynaya silah tədarükünü müzakirə etməyiblər.
Busaat.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
“Ukrayna məsələsi çox qısa şəkildə qeyd olundu. Biz Ukraynadakı müharibə şəraitini izləyərkən humanitar yardımı, maliyyə yardımlarını və qeyri-hərbi dəstəyi necə artırdığımızdan danışdıq”, – deyə Cənubi Koreya prezidentinin rəsmi nümayəndəsi məlumatda bildirib.
“Biz ABŞ ilə əməkdaşlıq çərçivəsində yenidənqurma müzakirələrində iştirak edəcəyimizi söylədik. Bundan başqa, birbaşa hərbi dəstək məsələsi müzakirə olunmayıb”, – o, əlavə edib.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya liderləri Ağ Evdə danışıqlar aparıblar. Zirvə görüşündən sonra prezidentlər bəyannamə imzalayıblar. Bəyannamədə Cənubi Koreya nüvə silahının yayılmamasına sadiqliyini təsdiqləyib, ABŞ isə Koreya yarımadasında strateji yerləşdirməni gücləndirməyi vəd edib.
Busaat.az























