
ABŞ, Yaponiya və Cənubi Koreyadan birgə hərbi dəniz TƏLİMİ
Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyadan gələn sualtı təhdidlərə qarşı mübarizə imkanlarını artırmaq üçün birgə dəniz təlimlərinə başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şimali Koreyadan gələn sualtı təhdidlərə qarşı Cənubi Koreya, ABŞ və Yaponiyanın imkanlarını artırmaq üçün Cənubi Koreyanın Ceju adasının cənub sularında ABŞ-nin USS Nimitz təyyarədaşıyan gəmisinin iştirakı ilə birgə hərbi dəniz təliminə başlanılıb.
Sabah başa çatacaq təlimin son altı ayda ilk dəfə olduğu, əvvəlkinin isə 2022-ci ilin sentyabrında keçirildiyi bildirilir.
“Sualtı qayıqlara qarşı təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın artan sualtı təhlükəyə, o cümlədən Şimali Koreyanın sualtı qayıqlardan buraxılan ballistik raketlərinə cavab vermək imkanlarını artırmaq məqsədilə keçirilib”, – nazirliyin bəyanatında deyilir.
Təlim Cənubi Koreyanın Ceju adasının cənubundakı beynəlxalq sularda ABŞ-nin nüvə mühərrikli təyyarədaşıyan Nimitz və iki esminesinin iştirakı ilə keçirilir.
Təlimdə Şimali Koreyadan gələn sualtı təhdidlərin aşkarlanması, izlənilməsi və onlarla mübarizə, məlumat mübadiləsi və axtarış-xilasetmə əməliyyatları simuliyasiya ediləcək.
Üç ölkənin bu cür təlimləri ilk dəfə 2008-ci ildə başlayıb və 2016-cı ilə qədər davam edib, son 7 ildə ilk dəfə keçən il bərpa olunub.
Busaat.az























