
ABŞ Zelenskiyə gizli təzyiq göstərir - Washington Post
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” diqqətçəkən iddia ilə çıxış edib.
Busaat.az xəbər verir ki, “Washington Post”a danışan mənbələr ABŞ rəsmilərinin bağlı qapılar arxasında bəzi məsələlərdə Ukraynaya məsləhətlər verdiyini bildirib.
Qəzetə danışan və adlarını açıqlamayan mənbələr qeyd ediblər ki, Vaşinqton administrasiyası Rusiya ilə danışıqlara açıq olmaq barədə Ukrayna hakimiyyətinə dəstək verib. Eyni mənbələr onu da qeyd ediblər ki, Kiyev administrasiyası bəyanat verməsə və danışıqlara açıq olduğuna dair hərəkət etməsə, digər ölkələrin dəstəyi azala bilər.
Həmçinin ABŞ-ın Ukraynanı danışıqlar masası arxasına oturmağa məcbur etmək məqsədinin olmadığı bildirilib. Burada məqsəd belə izah olunub ki, sözügedən açıqlamanı verməklə Kiyev administrasiyası digər ölkələrdən dəstək almağa davam edə bilsin.
ABŞ və Ukrayna rəsmiləri həmçinin bildiriblər ki, Ukrayna prezidenti Zelenskinin Putinlə görüşə qarşı çıxması Avropa, Afrika və Cənubi Amerikada narahatlıq yaradıb. Xatırladaq ki, Zelenski Putin postunu tərk etdikdən sonra Rusiya ilə danışıqlar masasına oturacağını açıqlayıb.
Bütün bunları nəzərə alan ABŞ rəsmisi Washington Post qəzetinə deyib: “Ukraynadakı vəziyyət bəzi müttəfiqlərimizi yorub”.
Digər tərəfdən, ABŞ rəsmisi Kiyevə dəstəyin davam edəcəyini bildirib.
Hələlik, Zelenski bu iddialara cavab verməyib.
Busaat.az























