
Ağ Ev texnologiya nəhənglərinə süni intellektlə bağlı xəbərdarlıq etdi
Ağ Evdə texnologiya nəhəngləri üçün süni intellektlə bağlı iclas keçiriləcək. İclasda şirkətlərə süni intellektlə bağlı xəbərdarlıq ediləcək.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin müşavirləri Ağ Evdə texnologiya nəhəngləri üçün süni intellektlə bağlı iclas keçirəcək. Görüşün məqsədi süni intellekt texnologiyalarından istifadə zamanı şəffaflıq və etik problemlərin həlli yollarını axtarmaq olacaq.
İclasda Amazon, Microsoft, Alphabet, OpenAI və Antrophic kimi texnologiya nəhənglərinin yüksək səviyyəli rəhbərlərinin iştirakı gözlənilir. Məsləhətçilər süni intellekt texnologiyasının etik və şəffaflıq prinsiplərinə uyğun istifadə edilməsi lazım olduğunu bildirərək texnologiya nəhənglərini xəbərdar edəcəklər.
Bloomberg-in xəbərinə görə, ABŞ-nin vitse-prezidenti Kamala Harris şirkətlərin yüksək səviyyəli rəhbərləri ilə görüşəcək.
Ağ Ev rəsmiləri hesab edirlər ki, süni intellekt texnologiyalarından istifadənin artması ilə etika və şəffaflığa daha sərt qaydalar və nəzarət tələb olunur. ABŞ prezidenti Co Bayden süni intellekt texnologiyalarından istifadənin şəffaf və etik olması lazım olduğunu vurğulayıb.
Busaat.az























