
Ağ Evin qarşısında zəlzələdə həyatını itirənlərin xatirəsinə şamlar yandırılıb
ABŞ-da Ağ Evin qarşısındakı Lafayette Parkında Türkiyədə baş verən zəlzələlərdə həyatını itirən 20 mindən çox insanın xatirəsinə şamlar yandırılıb, bir dəqiqəlik sükutla yad edilib.
Busaat.az xəbər verir ki, fevralın 6-da baş verən dəhşətli zəlzələlərdən sonra Türkiyəyə həmrəylik mesajları göndərilir.
Vaşinqton Amerika Türk Dərnəyinin (ATA-DC) təşkil etdiyi tədbirdə Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mercan, ABŞ-da yaşayan türklər və amerikalılar iştirak ediblər.
Ərazidəki fotoşəkillərdəki QR kodlar vasitəsilə zəlzələdən zərər çəkənlərə maddi yardım da edilib.
ATA-DC prezidenti Sıtkı Kazancı bildirib ki, dərnək tərəfindən indiyədək toplanan nağd yardım 120 min dollara çatıb.
“Bu gün burada olmağı özümə borc bildim”
Əraziyə toplaşan insanlar Türkiyəni bu çətin günlərdə tək qoymamaq üçün dəstək göstərmək istədiklərini vuröulayıblar.
12 yaşlı Mira McGuire Türkiyədəki həmyaşıdları üçün kədərləndiyini bildirərək, “Həqiqətən şok edicidir. Çünki uşaqlar və valideynlər hər şeyi itiriblər. Özümü onların yerinə qoyuram”, – deyə bildirib.
2 ildir Türkiyədə yaşadığını bildirən Ebony-Nicole Kelly “Artıq ürəyim türk xalqı ilə birlikdə döyünür. Bu gün burada olmaq məcburiyyətindəyəm” – deyib.
Busaat.az























