
Aİ Belarus və İrana qarşı yeni sanksiyalara hazırlaşır
Avropa İttifaqı (Aİ) Ukrayna ilə müharibədə Rusiyaya dəstək verdiyi üçün Belarus və İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Busaat.az xəbər verir ki, bunu Aİ Komissiyasının sözçülərindən biri Peter Stano bildirib.
Məlumata görə, Aİ ölkələri Belarusdan olan bəzi şəxslərə və təşkilatlara qarşı sanksiyaların tətbiqi ilə bağlı birgə qərar verəcək. Rusiyanın Ukraynaya təcavüzü səbəbiylə alınan sanksiya qərarlarının davamlı olaraq yenidən qiymətləndirildiyini və lazım gəldikdə yeniləndiyini xatırladan Stano, Aİ ölkələri arasında sanksiyalarla bağlı danışıqların məxfi olduğunu və yeni mümkün sanksiyalarla bağlı təfərrüat verə bilməyəcəyini bildirib.
“Biz müharibədə Rusiyaya kömək edən və dəstəkləyənlərə qarşı sanksiyaları davam etdirəcəyik. Təkcə Belarus deyil, İran da bura daxildir” – deyə, diplomat qeyd edib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu həftə NATO-Aİ Birgə Bəyanatının imzalanmasından sonra verdiyi açıqlamada, Kremlə və Rusiyaya hərbi dəstək verən ölkələrə təzyiqləri artıracaqlarını bildirib.
Hazırda Aİ-nin Belarusa qarşı iki sanksiya paketi var. Onlardan biri Belarus hökumətinin müxalifətə təzyiq göstərdiyi və 2020-ci ilin avqustunda keçirilən seçkiləri saxtalaşdırdığı əsası ilə qəbul olunub. Bu sanksiyalara aktivlərin dondurulması ilə bağlı qərarlar, prezident Aleksandr Lukaşenko da daxil olmaqla bəzi yüksək vəzifəli Belarus məmurlarına və bir sıra qurum və təşkilatlara səyahət, maliyyə qadağaları daxildir.
Aİ-nin Belarusa qarşı digər sanksiyalar isə Rusiyaya etdiyi kömək qarşı cavab kimi nəzərdə tutulub. Paket Rusiya ilə əməkdaşlıq çərçivəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyi əsası ilə Belarusdan olan bəzi şəxslər və təşkilatlara məhdudiyyətlər qoyulub.
Busaat.az























