
Aİ-yə üzv dövlətlərin nüvə enerjisi istehsalı artdı
Avropa İttifaqına (Aİ) üzv olan 13 ölkə keçən il elektrik enerjisi istehsalının 25 faizini atom elektrik stansiyaları vasitəsilə həyata keçirib.
Busaat.az xəbər verir ki, Avropa Statistika İdarəsi Aİ-yə üzv dövlətlər tərəfindən 2021-ci ildə atom elektrik stansiyalarından elektrik enerjisi istehsalına dair məlumatları dərc edib.
Müvafiq olaraq, keçən il Aİ-yə üzv olan 13 ölkədəki atom elektrik stansiyalarında ümumilikdə 731 min 701 gigavat-saat elektrik enerjisi istehsal edilib. Sözügedən dövrdə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 48 min 189 gigavatsaat (7 faiz) artıb.
Belə ki, 2021-ci ildə Aİ ölkələrinin ümumi elektrik enerjisi istehsalında atom elektrik stansiyalarının payı 25 faiz təşkil edib.
Fransa Aİ ölkələri arasında atom elektrik stansiyalarından ən çox elektrik enerjisi istehsal edib. Aİ-nin nüvə elektrik stansiyalarından əldə etdiyi ümumi elektrik enerjisinin 52%-i Fransadan gəlir.
Fransa atom elektrik stansiyalarından 379 min 361 gigavatsaat, Almaniya 69 min 130 gigavatsaat, İspaniya 56 min 564 gigavatsaat, İsveç 52 min 965 gigavatsaat, Belçika 50 min 326 gigavatsaat elektrik enerjisi əldə edib.
Bu müddət ərzində Aİ-yə üzv olan 13 ölkədə ümumilikdə 106 nüvə reaktoru fəaliyyət göstərib. Fransa ümumi elektrik enerjisinin 69 faizini, Slovakiya 52 faizini, Belçika 51 faizini, Rumıniya 19 faizini və Almaniya 12 faizini nüvə reaktorlarından təmin edib.
Digər tərəfdən, Danimarka, Estoniya, İrlandiya, Yunanıstan, Xorvatiya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Avstriya, Polşa və Portuqaliyada elektrik enerjisi nüvə enerjisindən istehsal olunmur.
Busaat.az























