
Almaniya Ukraynaya kaset sursatları göndərməkdən çəkinəcək - Annalena Berbok
Almaniya kaset bombaları haqqında Konvensiyaya riayət etməyə davam edəcək və silahları Kiyevə göndərməkdən çəkinəcək.
Busaat.az Reuters-ə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Nazirin bu açıqlaması ABŞ rəsmilərinin Bayden administrasiyasının Ukraynanı sursatla təmin etməyi planlaşdırdığını söyləməsindən bir gün sonraya təsadüf edib.
Jurnalistlərin Vaşinqtonun Kiyev üçün kaset sursatları ilə bağlı planları barədə sualını cavablandıran, Berbok deyib: “Mən medianın xəbərlərini izləmişəm. Bir dövlət olaraq bizim üçün Oslo razılaşması tətbiq edilir”.
Almaniyanın müdafiə naziri Boris Pistorius da Berndə keçirdiyi mətbuat konfransında Kiyevə kaset sursatlarının göndərilməsinə qarşı çıxıb.
“Almaniya konvensiyanı imzalayıb, ona görə də bu, bizim üçün seçim deyil. Konvensiyanı imzalamayan ölkələrə – Çin, Rusiya, Ukrayna və ABŞ-a gəlincə, onların hərəkətlərini şərh etmək məndən asılı deyil”, -Pistorius deyib.
Qeyd edək ki, bir sıra Qərb mediası, o cümlədən New York Times, Reuters və CNN, Ukraynaya kaset bombalarının göndərilməsi ilə bağlı qərarın verildiyini və elanın cümə günü, iyulun 7-də açıqlanacağını bildirib.
Kasetli Sursatlar üzrə Konvensiya 2008-ci ildə Norveçin paytaxtında 123 ölkə tərəfindən imzalanıb və 2010-cu il avqustun 1-dən qüvvəyə minib. İndiyədək 110 ölkə onu ratifikasiya edib.
Busaat.az























