Anadolunun incisi: Elazığ və Harput – REPORTAJ/FOTOLAR

image-316085433_979461820110668_2033253140260334329_nbackend

Türkiyə Turizm və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı jurnalistlərin bu ölkəyə səfəri çərçivəsində növbəti dayanacağımız Türkiyənin zəngin tarixi-mədəni irsi olan bir sıra şəhər və məkanları oldu.

Bu məkanlardan biri də Elazığdır. Tunceliden Elazığa feribotla keçərkən artıq yeni səfərimizin daha gözəl və zəngin keçəcəyini hiss edirdim.

image-6b7821d0-1d26-4e03-8abb-2061a204de86-1
Elazığ Türkiyənin Şərqi Anadolu Bölgəsinin Yuxarı Fərat sahillərində yerləşir. Şəhər əhalisi 2009-cu il siyahıyaalınmasına görə təxminən 547 562 nəfərdir ki, 381,715 nəfər şəhər mərkəzində, qalan sakinlər isə, kənd və qəsəbələrdə yaşayır. Şəhər əhalisi 1927-ci ildə 20.000 nəfərdən 1990-cı ildə 204.603 nəfərə, 2000-ci ildə 266.495 nəfərə, 2009-cu ildə 375.000 nəfərə yüksəlmişdir.

Elazığ 560.000-ə yaxınlaşan ümumi əhalisi ilə Türkiyənin 20-ci ən böyük şəhəridir. Şərqi Anadolu Bölgəsində isə, Ərzurumdan sonra ən böyük şəhərdir.

 

 

Şəhərin Etimologiyası 

Elazığ əyaləti eramızdan əvvəl 3000-ci ildə qurulduğu güman edilən Harput şəhərinin davamıdır. Bu səbəbdən illərcə Harput adlanıb. Harput və ətrafı Malazgirt döyüşündən sonra türklərin əlinə keçmiş və Böyük Səlcuqlu Dövlətinə (1085) tabe olan bölgədə Çubukoğulları Bəyliyi qurulub. Harputun türklər tərəfindən alınmasına qədər yalnız qala olan bu yer türklərlə böyüyən bir şəhərə çevrilib. Çubukoğulları bəyliyinin hakimiyyəti uzun sürməmiş, 1110-cu ildə Artukoğulları dövrü başlayıb. Bir müddət sonra Harput Artuqiləri kimi tanınan müstəqil bir bəylik qurulub. Harput 1230-cu ildə monqollar tərəfindən fəth edilmiş və 1234-cü ildən Anadolu Səlcuqlu Dövlətinin hakimiyyəti altına keçmişdir. 1507-ci ildən Səfəvilər tərəfindən fəth edilən Harput, Çaldıran qələbəsindən sonra Osmanlı hakimiyyətinə keçib. 1834-cü ildə bugünkü Mezra adlanan qəsəbəyə köçürülən Elazığa Hacı Əhmədin dövründə Sultan Əbdüləzizin taxta çıxmasının 5-ci ilində vali İsmayıl Paşanın təklifi ilə Mamuret-ül Aziz adı verildi. Lakin tələffüz çətin olduğu üçün xalq arasında qısaca El’aziz adlandırılıb. Zamanla vilayətin mərkəzinə çevrilən şəhər 1937-ci ildə Atatürk tərəfindən taxıl anbarı, bolluq və bərəkət mənasını verən Elazık adlandırılmış, zaman keçdikcə türk səs ahənginə uyğun gəldiyi üçün Elazığ olaraq istifadə edilmişdir.

image-bf5decf8-0756-4b2c-8f9a-54541baa7891

Şefik Gül Kültür Mərkəzi

Elazığın nadir yerlərindən biri də Şefik Gül Kültür Mərkəzidir. Elazığ Ulu Cami məscidinin 20 metr qərbində yerləşən bu 175 illik tarixi malikanə Gülsan Şirkətlər Qrupu tərəfindən alınaraq təmir edilib və 2005-ci ildə qapılarını ziyarətçilərin üzünə açıb. “Muzey Evi” konseptindəki bu ev Harputun əsas mədəni dəyəri və ziyarətçilərin görmək istəyəcəyi bir əsərdir.

Harputun ənənəvi ev memarlığını ən gözəl şəkildə əks etdirən Şefik Gül Kültür Mərkəzi özünə aid bağçası, həyəti, fəvvarəsi, otaqları, orijinal və antik əşyaları ilə sizi keçmişə aparan, tarixi və nostalji səyahətə çıxaran, köhnə gündəlik ev həyatını xəyallarınızda canlandıran bir məkandır.

Harput Ulu Cami

Harputun köhnə Cami Kebir səmtində 2000 kvadratmetr sahədə tikilən Harput Ulu Camisinin dəqiq tarixi məlum deyil. Lakin vergi kitabəsində onun Harput hökmdarı Fahrettin Karaaslan tərəfindən 1156-1157-ci illər arasında tikildiyi qəbul edilir. Harput Ulu Cami Anadoludakı ən qədim türk məscidlərindən biridir.

image-3dd62f6c-9926-4b10-939f-3b0352357d01

Məscid 1899, 1905, 1996-cı illərdə bərpa olunub. Harput Ulu Caminin daxili hissəsi üç hissədən ibarətdir. Məscidin minarəsi əyri formadadır. Qalın gövdəli və getdikcə daralan bu minarə bəzilərinə görə bilərəkdən əyri şəkildə tikilib, bəzilərinə görə minarə zəlzələdən sonra əyri formaya düşüb.

 

Harput Qalası

Tarixi mənbələrə görə, Harput qalası eramızdan əvvəl VIII əsrdə Urartu krallığı tərəfindən salınıb. Eramızdan əvvəl VI əsrdən farsların hakimiyyəti altına keçib.

Eramızdan əvvəl 1-ci əsrdən eramızın 11-ci əsrinə qədər Parfiyalılar, Romalılar, Sasanilər, Bizanslılar və Abbasilər arasında böyük mübarizələrə şahidlik etmiş və 11-ci əsrin sonuna qədər Bizans hakimiyyəti altında qalmışdır.

image-c7b4f9b4-7d61-4837-a5d3-1f09e5f0b0c7

Qala 1085-ci ildə Çubukoğulları, 1112-ci ildə Artukoğulları və 1234-cü ildə Səlcuqluların hakimiyyəti altında olub.

Qala Çubuk bəy, Artuklu Bələk Qazi və Səlcuq bəyi Əlaəddin Keykubadın mərkəzinə çevrilmiş və 1366-cı ildə Dulkadiroğulları ilə Ağqoyunlu dövlətləri arasında tez-tez əl dəyişdirmişdir. Harput qalası 1465-ci ildə Ağqoyunlu hökmdarı Həsən Bahadır Xan (Uzun Həsən) tərəfindən ələ keçirilərək Ağqoyunlu idarəsinə keçib. Harput Bölgəsi və qalası 1515-ci ildə Yavuz Sultan Səlimin dövründə Osmanlı İmperatorluğu tərəfindən fəth edilib.

image-775dcbe2-120f-4c81-bb3b-f3f5f4354981
Harput qalası haqqında müxtəlif rəvayətlər danışılır. Buna görə, qalanın inşası zamanı yaşanan su qıtlığı səbəbindən dövrün hökmdarının göstərişi ilə tikinti materiallarının hazırlanmasında su əvəzinə süddən istifadə edildiyi və bu səbəblə qalanın bir zamanlar “Süd qalası” adlandırıldığı bildirilir.
İç qala və xarici divarlar olmaqla iki hissədən ibarət olan Harput qalasının orijinal quruluş kimi qorunub saxlanmasına Artuqlular dövründə aparılan təmir işləri böyük töhfə vermişdir. Qala daha sonra Dulkadiroğulları, Ağqoyunlu və Osmanlı dövründə də təmir edilmişdir. Qalanın xarici divarları tamamilə dağıdılıb. Düz qayalar üzərində tikilmiş və mühasirəyə alınması çox çətin olan qala xəstəxanası, taxıl anbarı, zərbxanası, su anbarı, , məscidi və bir çox mülki tikililəri olan böyük bir məhəllədir.

Harput Musiqi Muzeyi

Elazığ Bələdiyyəsi tərəfindən qurulan Harput Musiqi Muzeyi ziyarətçilərini ovsunlayır. Harput musiqisində istifadə olunan alətlərin, mumiya heykəllərinin və karaoke zalının yerləşdiyi muzey vətəndaşlara fərqli ab-hava verir.

image-5d7a08fb-aa61-486e-b765-e0c13cd8a071

YUNESKO-nun müvəqqəti irs siyahısında olan tarixi Harput rayonunda yerləşən muzey digər muzeylərdən fərqliliyi ilə seçilir. Harput musiqisinin təbliği məqsədi ilə qurulan muzeydə musiqi alətləri, çaynik oyunu və kürsü əks etdirən bal mumundan heykəllər, karaoke zalı var. İçəri girənlərin ovsunlandığı muzey vətəndaşların və turistlərin böyük marağına səbəb olur. Eyni zamanda ziyarətçilər quraşdırılmış köşk cihazları ilə sənətçilər və Harput musiqisi haqqında məlumat ala bilərlər. 3 mərtəbədən ibarət olan muzeyin ən aşağı mərtəbəsində Kürsübaşı ənənəsi yaşadılır.

Busaat.az/Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki