
Avropa Parlamenti Rusiyanı “terrorçu dövlət” hesab edən qanun layihəsini qəbul etdi
Avropa Parlamenti (AP) Rusiyanı “qeyri-insani və qəddar hərəkətlər” ittihamı ilə “terrorçuluğu dəstəkləyən ölkə” kimi tanıyan qətnamə layihəsini qəbul edib.
Busaat.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin Baş Assambleyasında səsvermə baş tutub və qanun layihəsi 58 deputatın əleyhinə 494 deputatın leyhinə səsi ilə qəbul edilib.
Qanun layihəsində Rusiyanın Ukraynada dinc əhaliyə qəsdən hücum etdiyi, mülki infrastrukturu məhv etdiyi, beynəlxalq humanitar hüququ tanımadığı, qidadan silah kimi istifadə etdiyi bildirilib.
Rusiyanın “müharibə cinayətləri” törətdiyini və hərəkətlərinin Ukrayna xalqına qarşı “terror” olduğunu bildirən qanun layihəsində Avropa Parlamentinin bu səbəblərə görə Rusiyanı “terrorçuluğu dəstəkləyən ölkə” kimi tanıdığı qeyd edilib.
Layihədə Rusiyanın bu siyahıya daxil edilməsi üçün Aİ-nin terror siyahısı ilə bağlı hüquqi bazanın yenilənməsi və Vaqner Qrupu və Rusiya tərəfindən maliyyələşdirilən silahlı qrupların terrorçu siyahısına salınması tələb edilib.
Qanun layihəsində Avropa Parlamentinin deputatları Ukraynada minlərlə mülki şəxsin və yüzlərlə uşağın ölümündə Rusiyanı günahlandırıb.
Qeyd edək ki, qanun layihəsi Rusiyanın beynəlxalq təcridinin gücləndirilməsini və Aİ-də təbliğat aparan Rusiyaya bağlı təşkilatların bağlanmasını və ya qadağan edilməsini tələb edib.
Qanunvericilər həmçinin Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin tamamlanmasını tələb edib.
Busaat.az























