
Avropa təhlükəsizlik baxımından ABŞ-dan asılılığını azaltmalıdır – Makron
Avropa NATO daxilində daha qətiyyətli rol oynamalı, təhlükəsizlik baxımından ABŞ-dan asılılığını azaltmalı və öz müdafiə qabiliyyətini təkmilləşdirməlidir.
Busaat.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
“Wall Street Journal”ın xəbərinə görə, Makron İordaniyada keçirilən “Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransı”ndan sonra ölkəsinə qayıdarkən prezident təyyarəsində jurnalistlərə açıqlama verib.
Güclü və qətiyyətli Avropanın NATO daxilində ittifaqdan kənar hərəkət edə biləcəyini qeyd edən Makron vurğulayıb: “İttifaq mənim asılı olacağım bir şey deyil, mənim seçməli və işləməli olduğum bir şeydir. Strateji muxtariyyətimizi yenidən düşünməliyik”.
Bu kontekstdə Avropanın ABŞ-dan asılı olmayaraq müdafiə qabiliyyətini inkişaf etdirməli və NATO daxilində daha qətiyyətli rol oynaması lazım olduğunu bildirən Makron əlavə edib: “Avropa texnologiya və müdafiə imkanları baxımından daha çox müstəqillik əldə etməlidir”.
Makron bildirib ki, o, Avropanın müdafiə qabiliyyətini artırmaq səylərini NATO-ya alternativ olaraq görmür.
Busaat.az























