
Avstraliyada Çin şirkətləri tərəfindən istehsal edilən kameralar yığışdırılacaq - Müdafiə Nazirliyi
Avstraliyada Çin texnologiya şirkətləri tərəfindən istehsal edilən bütün kameraların “təhlükəsizlik narahatlığı” səbəbiylə yığışdırılacağı açıqlanıb.
Busaat.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Riçard Marles Avstraliya Yayım Korporasiyasına (ABC) müsahibəsində mövzu ilə bağlı açıqlamalar verib.
Çin texnologiya şirkətlərinə aid bütün müşahidə avadanlıqlarının təhlükəsizlik baxımından araşdırıldığını açıqlayan Marles, Çin istehsalı olan kameraların aşkar edildiyi anda söküləcəyini söyləyib.
Bildirilir ki, Çin texnologiya şirkətləri Hikvision və Dahua tərəfindən hazırlanan ən azı 913 kamera, domofon, elektron giriş sistemi Müdafiə Nazirliyi, Xarici İşlər və Ticarət Nazirliyi də daxil olmaqla bir çox dövlət binalarında istifadə olunur.
Qeyd edək ki, ABŞ 2022-ci ilin noyabrından milli təhlükəsizlik baxımından 5 Çin texnoloji şirkətindən “yeni rabitə avadanlığının” idxalını və satışını qadağan edib.
İdxalı və satışı qadağan edilən texnologiya şirkətləri arasında Huawei-dən başqa ZTE, Hikvision, Dahua və Hytera da var.
Bundan əvvəl Avstraliya Çin şirkətləri Huawei və ZTE tərəfindən 5G məhsullarının istifadəsini qadağan etmişdi.
Busaat.az























