Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, ictimai asayişə hörmətsizlik nümayiş etdirilməsi və təhlükəli manevrlərin edilməsi bəzi hallarda avtoxuliqanlıq kimi qiymətləndirilir.
Bəs hansı hərəkətlər bu kateqoriyaya daxildir və qanunla hansı cəzalar müəyyən edilib?
Avtomobillə küçə yarışları keçirmək, nəqliyyat vasitəsini bir və ya bir neçə təkəri yerdən qalxmış vəziyyətdə idarə etmək, qəfil sürətlənərək təkərlərin yüksək səslə sürüşməsinə səbəb olmaq və yolda çoxsaylı təkər izləri yaratmaq avtoxuliqanlıq hesab edilə bilər.
Bu cür hərəkətlərə görə sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırıla bilər. Bununla yanaşı, 500 manatdan 750 manatadək cərimə və ya 15 gündən bir ayadək inzibati həbs cəzası tətbiq oluna bilər.
Eyni qayda pozuntusu barədə inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində yenidən törədildikdə məsuliyyət daha da artır. Bu zaman sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1 000 manatadək cərimə və ya bir aydan iki ayadək inzibati həbs nəzərdə tutulur.
Əgər avtoxuliqanlıq müəyyən edilmiş sürət həddinin saatda 60 kilometrdən artıq aşılması ilə törədilərsə, sürücünü daha ağır cəza gözləyir. Belə halda idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 2 000 manatdan 4 000 manatadək cərimə və ya bir aydan iki ayadək inzibati həbs tətbiq edilə bilər.
Qanunvericilikdə bu hallarla bağlı istisna da mövcuddur. Belə ki, yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə qəfil tormozlama zamanı təkərlərin sürtünmə səsinin yaranması və ya asfalt üzərində izlərin qalması öz-özlüyündə avtoxuliqanlıq sayılmır.// milliaz









