“Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa  bazarlarına ixrac edir”

image-15-2backend

 

Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınması yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir.

İlk dəfə Bakı-Tbilisi-Ceyhanın əsas ixrac neft boru kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç ölkənin prezidentləri aydın şəkildə bildirdilər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan olmalıdır. Bununla da kəmərin reallaşmasının siyasi qərarı verildi. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çəkilməsini müdafiə edən “Ankara Bəyannaməsi”nin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olundu.

Bütün bunların nəticəsi olaraq ATƏT-in 18 noyabr 1999-cu il tarixdə İstanbulda keçirilən zirvə toplantısında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair” sazişi imzaladılar. Həmin sazişə eyni zamanda ABŞ və Qazaxıstan dövlət başçıları da imza atmaqla üzərlərinə müəyyən hüquqi və siyasi öhdəliklər götürmüş oldular. 2002-ci ilin avqustunda Londonda kəmərin tikintisini və gələcək istismarını aparmaq üçün “BTC Ko” şirkəti yaradıldı.

Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması kifayət qədər mübahisəli və çətin məsələlərdən biri olmuşdur. Lakin ulu öndərimiz Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir.

“Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulub. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Başqa sözlə desək, Yeni neft strategiyası əsas məqsədinə — ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin proporsional iqtisadi inkişafına nail olmuşdur.

 

Aidə Məhərrəmova.ADPU.YAP üzvü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90