“Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur”.
Busaat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır:
“Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çoxuşaqlı ailələrdə qadınlar daha tez pensiyaya çıxmaq hüququ əldə edirlər. Çoxuşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir. Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da, təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması çox vacibdir. Bununla yanaşı, çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, keçmiş ittifaq dağılandan sonra çoxuşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilir. Bu isə “çoxuşaqlı ailə” anlayışına yenidən baxılmasını zəruri edir”.
Deputat qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıya almada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. Onun sözlərinə görə, 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var:
“Say baxımından 2 uşaqlı ailələr (557 min ailə) üstünlük təşkil edir. Altı və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9332 ailədə altı, 3565 ailədə yeddi, 1748 ailədə səkkiz, 1524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyli azdır. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu daha çox ailəni əhatə edə bilər. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var.
Bu isə o deməkdir ki, çoxuşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı”.