Azərbaycanlı könüllülərdən dünya ölkələrinin könüllülərinə – Çağırışbackend

“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin dünya ölkələrinin könüllülərinə çağırış edib. 

Busaat.az  həmin çağrışı təqdim edir:

Bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozmuş, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atmışdır.

Hhərbi təcavüz nəticəsində hərbi qulluqçularla yanaşı mülki şəxslər, o cümlədən uşaqlar qadınlar, ahıllar qətlə yetirilmiş, insanların yaşamaq, mülkiyyət, sərbəst hərəkət etmək və digər hüquqları kobud şəkildə pozulmuş, dövlət və mülki obyektlərə, infrastruktura ciddi ziyan dəymişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə öz suveren ərazisi daxilində əks-hücum və cavab tədbirləri həyata keçirməyə başlamışdır.

Ermənistan tərəfindən sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibət bəslənilməsi, silahsız insanların, o cümlədən uşaqların, qadınların, ahılların qətlə yetirilməsi və bu kimi qeyri-insani, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan davranışların vərdiş halına gətirilməsi, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən hər fürsətdə rahatlıqla təkrarlanması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salınması, Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimizin mənimsənilməsi, nadir tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi, mədəniyyət vasitəsilə birləşməyə çalışan bəşəriyyət üçün utanc sərlövhəsi olmaqla yanaşı, bəşəri dəyərlərin heçə sayılması, humanist ideyaların qurban verilməsi və təcavüzkar milliyyətçiliyin təbliğ edilməsidir. Bu vaxta qədər açıq ərazi iddiaları səsləndirən Ermənistanın Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlaması münaqişənin “qaynar mərhələ”yə qədəm qoymasına səbəb olmuş, Ermənistan qoşunlarının 30 ilə yaxındır ki, işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində adekvat addımlar atmasını zəruri etmişdir.

Belə ki, Ermənistan tərəfindən insanların sıx şəkildə məskunlaşdığı yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmış, 500-dən çox fərdi yaşayış evi tamamilə dağılmışdır. Cinayətkar əməllərini davam etdirən Ermənistan silahlı qüvvələri münaqişə zonasından kilometrlərlə kənarda yerləşən, qədim tarixə və çoxsaylı mədəniyyət obyektlərinə malik, turizm mərkəzi kimi tanınan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raketlər atmaqla ağır artilleriya atəşinə tutmuşdur. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olmuş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəymişdir.

Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı dövlət terrorunu davam etdirərək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin olduqca yaxınlığında yerləşən Xızı və Abşeron bölgəsinə, habelə su anbarının və əsas elektrik stansiyasının mövcud olduğu Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil etmişdir. Bu bir daha açıq şəkildə sübut edir ki, Ermənistanın məqsədi qəsdən mülki əhalini hədəfə almaq, günahsız insanların canı bahasına işğalçı niyyətini həyata keçirməkdir. Bu təxribat əməlləri ilə Ermənistan BMT-nin Baş katibinin COVİD-19 pandemiyası ilə əlaqədar qlobal atəşkəs çağırışına qarşı fərdiyyəçi, qlobal təəssübkeşlikdən uzaq və qeyri-humanist mövqeyini də ortaya qoymuş oldu.

Qeyd olunanlar göstərir ki, beynəlxalq humanitar hüququn hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini nəzərdə tutan əsas prinsipi Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin gözü qarşısında təcavüzkara məxsus soyuqqanlılıq və riyakarlıqla pozulmaqdadır.

Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş təcavüzü beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın işğal edilmiş ərazilərindən erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının tələblərini pozmaqla regional sülh və təhlükəsizlik üçün təhdid rolunu oynayır.

Planetimizin qlobal problemlərinə dünyanın müxtəlif ölkələrindən könüllülərin vahid prizmadan yanaşması bütün sərhədləri aşan, bəlkə də sərhədsiz adlandırıla biləcək yeni bir dövrün reallığıdır. Bəşəriyyətin qorunması, silahların susdurulması, insanların açıq səma altında, uşaqların müharibə dəhşətlərindən uzaq yaşaması kimi humanist ideyalar daşıyıcısı olan dünya könüllülərini Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamağa və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq.