Azərbaycanlı “kral” Nyu Yorkdakı məşhur qülləni aldı (FOTO)backend

Azərbaycandan olan daşınmaz əmlak kralı ABŞ-ın Nyu York şəhərində, BMT-nin qərargahının yaxınlığında yerləşən məşhur “Beekman Tower” qülləsini alıb.

Busaat.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu tarix-mədəniyyət abidəsinin yeni sahibinin kimliyi barədə daşınmaz əmlak üzrə ixtisaslaşmış “Real Deal” nəşri yazır. Bildirilir ki, hazırda binanın yeni sahibi sövdələşmə ilə əlaqədar CMBS bankından alınmış 63 milyon dollar kreditlə bağlı zamin axtarır.

28 mərtəbəli “Beekman Tower” qülləsi BMT-nin binasından şimalda yerləşir və 1928-ci ildə inşa edilib. Nyu Yorkun art-deko arxitekturasının ilk nümunələrindən biridir.

Nəşr yazır ki, koronavirus pandemiyasına görə maliyyə çətinlikləri yaşayan obyektlərin artan siyahısı ilə bir vaxtda həmin qüllənin indiki sahibinin kimliyi sirr olaraq qalırdı. Lakin kredit sənədləri, məhkəmə sənədləri və Rusiya KİV-lərinin xəbərləri mülkiyyətin Azərbaycandan olan daşınmaz əmlak kralı Yakov Mixayloviç Yakubova məxsus olduğunu göstərir. Yakubov Moskvanın prestijli rayonunda çoxsaylı mülklərə malikdir, onun ailəsi habelə ABŞ-da iri daşınmaz əmlak portfelinin sahibidir.

2015-ci ildə “Beekman Tower” qülləsi “Silverstein Properties” şirkəti tərəfindən satılanda alıcının “naməlum xarici investor” olduğu göstərilirdi. Lakin kredit sənədlərinə əsasən binanı almaq üçün krediti götürənlər Yakov Yakubov, Tomas Yakubaros və “Yakubov US Trust 2013” şirkətidir.

Kredit sənədlərində deyilir ki, Yakubov ailəsi Rusiya Federasiyasının bütün ərazisində və Birləşmiş Ştatlarda müxtəlif tipli daşınmaz əmlak obyektlərinə investisiya yatırmaqda, onları idarə etməkdə və inşa etməkdə 30 illik təcrübəyə malikdir. Ailənin ABŞ-dakı daşınmaz əmlak portfeli 5 milyon kvadratmetr ümumi sahəyə malik ticarət, yaşayış və ofis binalarından ibarətdir. O cümlədən Yakubov ailəsi Nyu-Yorkda 84 mənzilli binanın, Florida, Corciya və Viskinson ştatlarında üç ticarət mərkəzinin sahibidir.

Nyu Yorkda və Moskvada qaldırılmış məhkəmə iddiaları Kiprdə mənzillənmiş eyni şirkətlə bağlıdır. Bu sənədlər təsdiq edir ki, krediti götürən Yakov Yakubovdur.

“Silverstain Properties” şirkəti 2015-ci ildə binanı satanda bir çox maneələrlə üzləşib. Əvvəlcə həmin ilin yanvarında şirkət bruklinli investor Haim Millerlə binanın 137.5 milyon dollara satılmasına dair müqavilə bağlayıb. Lakin apreldə “Silverstain Properties” sövdələşməni yekunlaşdıra bilmədiyi üçün Milleri məhkəməyə verib. Tezliklə tərəflər mübahisəni yoluna qoyublar və “naməlum xarici investor” müdaxilə edərək binanın iyul ayında 139 milyon dollara alınmasında Millerə kömək edib. Məhkəmə çəkişmələri isə bununla bitməyib. Məhkəmə çəkişmələrində tərəflər binanın əsl sahibinin kimliyini gizlətməyə çalışıblar.

Nəhayət bir neçə il çəkən məhkəmə çəkişmələri binanın Haim Millerə heç bir aidiyyatının olmadığını göstərib. Məlum olub ki, binanın əsl sahibi Yakov Yakubovdur.

“Forbes” jurnalının rus versiyası 2011-ci ildə Yakubovu Tverskoy küçəsinin daşınmaz əmlak “kralı” adlandırıb. Lakin biznesmen israrla mətbuatdan qaçır və onun bütün əmlakı offşor şirkətlərdə, habelə əməkdaşlarının adlarına qeydiyyatdan keçib.

Rusiyada Yakubov daha çox onunla tanınır ki, Moskvada dövlətə məxsus olan Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində özünə malikanə tikdirib. Moskva meriyası mülkiyyəti müsadirə edib sökmək üçün uğursuz cəhdlər göstərib, malikanə Kiprdə qeydiyyatdan keçmiş “Sheepsheed Bay” adlı şirkətin adınadır. Həmin şirkətin adı Nyu-Yorkdakı məhkəmə çəkişmələrində də yer alır.

Yakubov Azərbaycanın dağ yəhudiləri yaşayan Qırmızı qəsəbə adlı yaşayış məntəqəsində doğulub. Bu kəndin bir çox sakinləri Rusiyada milyarderə çevriliblər və iri biznesmenlərdir.