“Barselona” İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunub.
Busaat.az xəbər verir ki, bu barədə El Debate məlumat yayıb.
Mənbənin sözlərinə görə, Xose Neqreyranın özünə, oğluna və Kataloniya klubunun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı da ittiham irəli sürülüb. Qeyd olunur ki, Barselona İstintaq Məhkəməsinin rəhbəri Xoakin Agirre hakimlərin texniki komitəsinin keçmiş vitse-prezidentinə “Barselona”dan 7,5 milyon avro ödənilməsini cinayət hesab edib.
Məhkəmə belə bir mövqe tutur ki, heç bir vəzifəli şəxs bilavasitə vəzifələrinin icrasına görə əlavə mükafat ala bilməz və ya almamalıdır. Əgər “Barselona” günahkar bilinərsə, Kataloniya klubu Sequnda divizionuna düşmək və avrokuboklardan diskvalifikasiya ilə üzləşəcək.