
BƏƏ ilə münasibətləri inkişaf etdirmək istəyirik - Netanyahu
Son seçkilərdə qələbə qazanaraq yenidən İsrailin Baş naziri qoltuğuna layiq görülən Benyamin Netanyahu ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Busaat.az xəbər verir ki, bu barədə Netanyahu özünün Telegram hesabında paylaşım edib.
“Mən indi dostum, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşdüm və biz birlikdə əldə etdiyimiz tarixi sülh razılaşmasından sonra əlaqələri daha da gücləndirmək barədə razılığa gəldik” – deyə, Netanyahu bildirib.
Netanyahu həmçinin qeyd edib: “Şeyx Bin Zayed məni ölkəsinə dəvət etdi. Aramızdakı gözəl münasibətə və söhbətə görə ona təşəkkür edirəm”.
Qeyd edək ki, İsrail 2020-ci ildə BƏƏ, Bəhreyn, Mərakeş və daha sonra Sudanla münasibətləri normallaşdırmaq üçün müqavilələr imzalayıb. 15 sentyabr 2020-ci ildə Netanyahunun Baş nazir olması ilə Ağ Evdə keçirilən mərasimdə İsrail və BƏƏ arasında münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb.
Netanyahunun müxalifətdə olduğu müddətdə də vəzifəyə başlayan yeni İsrail hökuməti Abu Dabi ilə münasibətləri yaxşılaşdırmaq üçün addımları davam etdirib.
Busaat.az























