
Belçikada dərman böhranı yaşanır
Belçikada səhiyyə sahəsində ciddi problemlər yaranıb. Ölkədəki apteklərdə yüzlərlə dərman yoxdur.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Belçika Federal Dərman Agentliyi (FAMHP) yayıb.
FAMHP-nin Belçikada istifadə edilən dərmanlar siyahısındakı 616 fərqli məhsul “müvəqqəti olaraq istifadə olunmayan” kimi təsnif edilib.
Antibiotiklər, göz damcıları, ağrıkəsicilər, qızdırma salan dərmanlar, bəlğəmgətiricilər, ürək, xolesterin, epilepsiya, antibiotik kremləri, əzələ yumşaldıcı və şəkər xəstəliyinə qarşı yüzlərlə məhsul ölkədə tapıla bilməyən dərmanlar sırasındadır.
Siyahının izahat hissəsində bu dərmanların istehsalın gecikməsi, tələbatın artması, aktiv maddə tədarükünün olmaması və daşınma problemləri kimi səbəblərdən mövcud olmadığı bildirilir. Sözügedən yüzlərlə müxtəlif dərmanı ölkədəki apteklərdən almaq mümkün olmasa da, bəzilərinin əvəzinə bənzər ekvivalentlərini əldə etməyin mümkün olduğu qeyd edilib.
Busaat.az























