“Belə çıxır ki, Rusiya sülhməramlıları bizim balalarımızı qırmaq üçün oraya gəliblər” – AÇIQLAMA

“Belə çıxır ki, Rusiya sülhməramlıları bizim balalarımızı qırmaq üçün oraya gəliblər” – AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi, dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü isə məhv edilib.

Busaat.az xəbər verir ki, törədilən təxribatla bağlı KONKRET.az-la fikirlərini bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, müharibə davam edir: “Atəşkəs elan ediləndən sonra zaman-zaman bu cür təxribatların olması gözləniləndir. Rusiya qoşunları ora gəlib, erməniləri silahlandırıb, bizim əl-qolumuzu bağlamağa çalışacaqlar. Necə ki, 1988-ci ildə Rusiya bizdən silahları yığıb erməniləri silahlandıraraq, Xocalı soyqırımını törətdi və ərazilərimizin işğal olunmasına kömək etdi. Bu gün də eyni addımları atmaqda davam edir. Bunu görmək üçün alim olmağa gərək yoxdur. Biz ilk gündən deyirdik ki, Rusiyanın Qarabağa girməkdə məqsədi ermənilərin uduzduğu mövqelərini geri qaytarmaqdır. Bizim hərbçilərimiz silahlı erməniləri tutub Rusiya sülhməramlılarına verir, onlar da terrorçuları Ermənistanda yenidən silahlandırıb, göndərir üstümüzə və onlar da gəlib həmin yerdə əsgərimizi öldürür. Rusiya sülhməramlıları bizi axmaq yerinə qoymağa çalışır. Yəni düşmənin əsgərini əsir götürüb, veririk Rusiyaya ki, silahlandırıb üstümüzə geri göndər. Mən anlaya bilmirəm ki, əsir götürdüyümüz silahlı terrorçunu niyə Rusiyaya verməliyik? Belə çıxır ki, Rusiya sülhməramlıları bizim balalarımızı qırmaq üçün oraya gəliblər. Ermənilər müharibə quratarandan deyir ki, biz o torpaqları geri qaytaracağıq. Deyirlər ki, Rusiya gəlib, artıq güclənib yenidən Zəngilanı, Qubadlını və digər əraziləri geri alacağıq. Və demək olar ki, bu gün elə o müharibəni başlayıb. Ona görə də biz əldə etdiyimiz qələbəni möhkəmləndirmək üçün lazımi tədbirləri gücləndirməliyik.

Sərdar Cəlaloğlu onu da əlavə edib ki, “Azərbaycanda Rusiyanın əlaltıları olan insanlar əvvəlki kimi yenidən bu dövlətin təbliğatını aparır və mövqeyini gücləndirməyə çalışırlar. Bu baxımdan cəbhədə baş verənləri də ört-basdır edirlər”.

Partiya sədri həmçinin bildirib ki, əhalinin oraya tez bir zamanda köçürülməsi təhlükəli ola bilər: “Əhalini oraya köçürək ki, Rusiya Xocalı soyqırımında olduğu kimi yenidən qırsın? Hələ silahlı qüvvələrin orada nə işlə məşğul olduğu ilə bağlı məsələlərə aydınlıq gəlməlidir. Rusiya sülhməramlıları niyə ermənilərin hücumunun qarşısını ala bilmir? Ölən əsgərlərin qanına kim cavabdehlik daşıyır? Bunlara cavab verilsin ki, biz də əhalini oraya aparıb yığaq”.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90