“Belə davam edərsə, Azərbaycan atəşkəs anlaşmasından birtərəfli qaydada çıxa bilər” – Partiya sədri

“Belə davam edərsə, Azərbaycan atəşkəs anlaşmasından birtərəfli qaydada çıxa bilər” – Partiya sədribackend

“Azərbaycan dövləti Rusiya sülhməramlıların missiyalarından kənar çıxması ilə bağlı öz etirazını bildirməlidir”.

Busaat.az xəbər verir ki, bunu KONKRET.az-a açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı bildirib.

Partiya sədri qeyd edib ki, ümumiyyətlə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsi birmənalı qarşılanmayıb. Cəmiyyətin müxtəlif üzvləri tərəfindən hələ əvvəldən kəskin reaksiyalar olub. Bununla bağlı xeyli suallar yaranıb. Dolayısı ilə Azərbaycan dövləti fədakarlıq edərək Rusiya sülhməramlılarını bölgəyə yerləşdirməklə topladığı reytinqdən qurban verməli olub. Əslində Rusiya sülhməramlıları da anlamalı və bilməlidir ki, Azərbaycan öz daxili üçün nə qədər riskli addım atıb.

Amma təəssüf ki, Rusiya sülhməramlıları yerləşdiyi vaxtdan bu günə kimi birtərəf mövqe tutmaq və Azərbaycan-erməni icması arasında yarana biləcək qarşıdurmaların qarşısını almaq əvəzinə açıq-aşkar ermənilərin tərəfini tutmağa və müdafiə etməyə başlayıblar. Bir çox hallarda səlahiyyətlərinə aid olmayan məsələlərlə məşğul olublar. Məsələn, ermənilərin regiona qaytarılmasında Rusiya sülhməramlılarının iştirakı yersiz idi. Rusların ermənilərin regiona qayıtmasında aktiv iştirak etməsi, eləcə də infrastrukturun bərpa edilməsi onların səlahiyyəti çərçivəsinə daxil deyildi. Eyni zamanda tanınmamış, terrorçu kimi qeydə alınan, prokurorluq tərəfindən cinayət işi açılmış hərbçilərlə Rusiya sülhməramlıları komandanlığının, məsul vəzifəli şəxslərin bu və ya digər şəkildə görüşlər keçirməsi öhdəliyə götürülmüş missiyaya kölgə salır.

Eyni zamanda da bu xəritələr məsələsi. Hələ Rusiya sülhməramlılarının regiona gəldiyi ilk gündən müxtəlif formatlı, Azərbaycan maraqlarına və hərbi, siyasi vəziyyətə uyğun olmayan xəritələr çap olundu. Bir çox hallarda bu xəritələr separatçı mövqedən çıxış edənlərin maraqlarına cavab verirdi. Bundan əlavə, erməni silahlı qüvvələrinin bölgədən çıxarılması rus sülhməramlılarının missiyası idi. Həmin ərazilərdən erməni silahlı qüvvələri çıxmalı, onların yerini ruslar tutmalı idi”.

Tural Abbaslı vurğulayıb ki, bu günə kimi orada silahlı ermənilər var: “Onlardan silahların toplanması ilə bağlı heç bir qərar yoxdur. Bunun nəticəsində də erməni quldurları özlərini o qədər rahat hiss edirlər ki, Azərbaycan Ordusunun nümayəndələrinə, rabitə qovşağının qurulmasında iştirak edən mülki əhaliyə hücumlar edirlər. Azərbaycan bu məsələdə sakit qala bilməz. Rusiya sülhməramlıları unutmamalıdır ki, onların yerləşdiyi məkan Azərbaycana aiddir. Ölkəmiz istənilən an o ərazilərə daxil ola və təhlükəsizliyi təmin edə bilər. Mənə elə gəlir ki, Rusiya sülhməramlıları o ərazilərin Azərbaycana məxsus olduğunu unudurlar. Zaman-zaman onlara və orada yaşayan ermənilərə xatırlatmaq lazımdır ki, yerləşdiyi ərazilər Azərbaycana məxsusdur. Çox qısa zamanda məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar. Həmin ərazilərdə bütün dövlət orqanlarımızın filialları yaradılacaq.

Azərbaycan dövləti Rusiya sülhməramlılarının missiyalarından kənar çıxması ilə bağlı öz etirazını bildirməlidir. Yeri gələrsə, nota da verməli və Rusiyanı beynəlxalq normativlər əsasında hərəkət etməyə dəvət etməlidir. Rusiya ordusu buraya sülhməramlı qismində gəlib. Hansısa işğalçı qüvvə və erməninin mövqeyini müdafiə edən tərəf kimi gəlməyib. Odur ki, beynəlxalq qanunda sülhməramlıların fəaliyyəti və missiyası ilə bağlı açıq-aşkar müddəalar var. Düşünürəm ki, Rusiya sülhməramlıları bu normativlərə uyğun addım atmalıdır. Əks təqdirdə noyabrın 10-da qəbul edilmiş bəyanatdan Azərbaycan birtərəfli qaydada çıxa bilər. Çünki bu qəbul edilmiş üçtərəfli bəyanat Azərbaycanın ərazi bütövlüyünü və ordusunun təhlükəsizliyini təmin etmirsə, “biz niyə bu bəyanamədə qalmalıyıq” kimi suallar ortaya çıxır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90