
Belqrad Priştina ilə silahlı qarşıdurma halında Kosovodakı serblərə dəstək verəcək - Vuçiç
Serbiya silahlı qarşıdurma halında Kosovonun şimalında və Metohiyada yaşayan serblərə dəstək verəcək.
Busaat.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.
“Kosovo polisinin Kosovonun şimalı ilə heç bir əlaqəsi yoxdur. Serbiya münaqişə olarsa öz xalqının yanında olacaq. Ümid edirəm ki, bu (silahlı münaqişə) baş verməyəcək, lakin bu, artıq bizdən asılı deyil. Biz bundan qaçmaq istərdik” – deyə, Vuçiç vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Kosovo səlahiyyətliləri ölkə sərhədlərində Serbiyaya aid avtomobil nömrələrini dəyişdirməyənləri cərimələmək haqqında qərar qəbul edib. Cərimələrin məbləği 150 avro təyin edilib, vətəndaşlara Serbiya nömrələrini Kosovoya aid qeydiyyat nişanları ilə əvəz etmək tapşırılıb. Qərara əsasən, 21 aprel 2023-cü il tarixindən sonra nömrələrini dəyişməyən maşınlar Kosovo polisi tərəfindən müsadirə edilə bilər.
Buna cavab olaraq Kosovo və Metohiya serbləri Kosovonun bütün dövlət qurumlarındakı işlərindən istefa veriblər. Kosovo serblərinin lideri Qoran Rakiç serb deputatlar, hakimlər və bələdiyyə başçıları ilə birlikdə Kosovo hökumətindəki işindən ayrılıb.
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Priştinanı qeydiyyat nişanları ilə bağlı qərarı 10 ay təxirə salmağa məcbur etməyə çalışsalar da, Respublika hakimiyyəti bütün müraciətlərə məhəl qoymayıb.
Busaat.az























