
Bəşər Əsəd Moskvaya səfər edəcək: Masada nələr var? - İCMAL
Moskva mərkəzli “Vedomosti”nin diplomatik mənbədən əldə etdiyi məlumata görə, Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri fevralın 6-da baş verən zəlzələ ilə daha da qabarıqlaşan “humanitar məsələlər və ikitərəfli münasibətlər” mövzusuna həsr olunacaq.
Busaat.az xəbər verir ki, Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Kirill Semenovun sözlərinə görə, Əsədin zəlzələnin yaralarını sağaltmaq üçün Rusiyadan yardım istəməsi də mümkündür. Digər tərəfdən, o, Suriyadakı ciddi yanacaq böhranını aradan qaldırmaq üçün Moskvanın neft məhsullarından istifadə etməyi tələb edə bilər.
Semenov, həmçinin əlavə edib ki, tərəflər Ukraynada davam edən münaqişə kontekstində ikitərəfli münasibətləri də müzakirə edəcəklər. Semenovun sözlərinə görə, tərəflərin mövqelərini müqayisə etməsi və ümumi dil tapması çox vacibdir, xüsusən indi Dəməşq Oman, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələri ilə dialoq üçün zəminləri gücləndirir.
Moskvada yerləşən IMEMO RAS Yaxın Şərq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Nikolay Surkovun sözlərinə görə, liderlər Rusiyanın vasitəçiliyi ilə Dəməşq və Ankara arasında normallaşma prosesində atılacaq addımları da müzakirə edəcəklər.
Surkov əlavə edib: “Türkiyə dialoqu davam etdirmək istəyir, baxmayaraq ki, Suriya ölkənin şimalındakı vəziyyətlə bağlı Türkiyə tərəfinə sərt şərtlər irəli sürür”.
Busaat.az























