Bəstəkar: “Əbülfəz Qarayev Azərbaycan mədəniyyətini məhv elədi”

image-ebulfezbackend

Türkiyədə yaşayan azərbaycanlı bəstəkar Ruhin İsmayılov Busaat.az-ın suallarını cavablandırıb. Beləliklə…

-Ruhin bəy, ali təhsilinizi Azərbaycanda alsanız da, ölkə xaricində fəaliyyət göstərirsiz. Azərbaycan bəstəkarlıq sənəti ilə dünya bəstəkarlıq sənətini necə müqayisə etmək olar?

-Fəaliyyət göstərdiyim Türkiyə musiqisindən mövzuya yanaşsaq, Türkiyənin akademik klassik musiqi sənəti çox üstündür. Bəstəkarlıq məktəbi baxımından da Türkiyə Azərbaycandan üstündür. Bizim müsbət cəhətimiz ondan ibarətdir ki, bizdə verilən təhsilin təməli çox yüksəkdir və hələ də bu peşəkarlıq davam edir. Düzdür, son zamanlar bu istiqamətdə axsamalar baş verir, baxmayaraq ki, o məktəbin Xəyyam Mirzəzadə, Arif Məlikov, İsmayıl Hacıbəyov, Aydın Əzimov və digərləri kimi sənətkarları və o sənətkarların tələbələri olub. Həmin tələbələr nə qədər üzdə olmasalar da, bacarıqlı və istedadlı gənclər mütləq var. Sadəcə olaraq ümumi şərait Azərbaycanda çox kasad olduğu üçün özümüzü göstərə bilmirik. Dünya bəstəkarlıq sənəti ilə isə heç müqayisə oluna bilmərik.

-Bəs, inkişafı nədə görürsüz?

-Düşünürəm ki, ümumi inkişaf üçün gənclərə qulaq asmaq və onların fikirlərini öyrənmək lazımdır. Ən azından, onlara qulaq asan bir nəfər olmalıdır. Məsələn, mədəniyyət naziri və Nazirliyin tərkibində olan müvafiq qurumlar bu məsələyə diqqət etməlidir. Bununla yanaşı, yaradıcılıq sahələri ilə bağlı bizdə ittifaqlar fəaliyyət göstərir. İttifaq anlayışı altında fəaliyyət göstərən qurumların isə sadəcə adı qalıb. Əslində, həmin qurumlar yaradıcı insanların dərdini dinləməli və onlara can yandırmalıdır.

image-ruh

-Sovet Azərbaycanının musiqi sənəti ilə müasir Azərbaycanın musiqi sənətini müqayisə edəndə, musiqimizin əvvəl daha professional, dah akademik olduğunu görərik. Sanki, inkişaf etmək əvəzinə, geri düşmüşük. Bunu necə başa düşmək olar?

-Sovet dövrü dağılandan sonra artıq əvvəlki kimi ciddi musiqiyə yanaşma tərzi və tələbat azalmağa başladı. Bunun da səbəbi həvəs və şəraitin olmaması idi. Məsələn, mən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakultəsini simfoniya ilə bitirmişəm, buna rəğmən, maddiyyat ucbatından əsərimi səsləndirə bilmirəm. Maddiyyatı isə qarşılayan qurum yoxdur. Amma bunu sovet dövründə dövlət qarşılayır və ona görə də daha ciddi musiqilər inkişaf edirdi. 1900-cı illərdən sonra bu tendensiya azalmağa başladı və bəstəkarlar da gördülər ki, maddiyyat olmayan yerdə simfoniya da yazsan, opera da yazsan diqqət olmayacaq və məcbursan ki, daha gəlirli sahəyə keçəsən. Bunun üçün də aidiyyatı qurumlar şərait yaratmalıdırlar. Başlıca olaraq da mədəniyyət naziri. Təəssüf ki, mədəniyyət nazirlərimizin bəziləri vaxtı ilə mədəniyyətimizi məhv elədilər.

-Məsələn, kimlər?

-Məsələn, Əbülfəz Qarayev. Polad Bülbüloğlunun mədəniyyət naziri olduğu dövr üçün bunu demək olmaz. Çünki biz müharibə dönəmindən yenicə çıxmışdıq, bütün strukturlar yeni formlaşmağa başlayırdı. Amma təbii ki, onun da xamlığı var idi. Lakin sonrakı dönəmdə Əbülfəz Qarayev mədəniyyət naziri oldu və heç bir fəaliyyət göstərmədi.

-Sovet dövründə həm də senzura var idi. Məsələn, ali təhsili olmayan yaradıcı şəxs rəsmi fəaliyyət göstərə bilməzdi. Amma indi istənilən şəxs musiqi bəsətləyə, mahnı oxuya, həmçinin digər yaradıcı sahələrlə məşğul ola bilər. Sizcə, keyfiyyətli məhsulların ortaya çıxmasında senzuranın da rolu varmı?

-Təbii ki. Senzuarnın olması çox vacibdir. Hazırda Azərbaycan televiziya məkanının səviyyəsi hamıya məlumdur. Amma sovet dövründə belə deyildi, yaxud, dövlət televiziyalarımızda hələ də senzura olduğu üçün ciddi məhsullar ortaya çıxır. Amma özəl telekanallara fikir verin, bərbad vəziyyətdədir. Bunun da başlıca səbəbi telekanal rəhbərlərinin səriştəsizliyi və senzuranın olmamasıdır. Əgər, özəl kanallarda da senzura olsaydı, bu gün daha mədəni, daha ciddi proqramların şahidi olardıq. Məsələ burasındadır ki, bu gün Azərbaycanda orta səviyyəli kütlə yoxdur, aşağı səviyyəli kütlə var, yuxarı səviyyəli kütlə var. Bu amilə şahid olmaq üçün sadəcə “Youtube”yə baxmaq kifayətdir. Çünki “Youtube”də sözün əsl mənasında aşağı və yuxarı səviyyəli ifaçıların trend yarışı gedir. Lakin nə qədər ki, bu sferada kreativ, ağıllı və mədəni düşüncəli insanlar az olacaq, bir o qədər də aşağı səviyəli insanlar bu yarışda qalib gələcək.

-Musiqi sahəsində geridə qalmağımızı Vətən müharibəsi dövründə daha açıq şəkildə gördük. Buna misal olaraq, Vətən müharibəsi dövründə daha çox Türkiyə seriallarının musiqilərindən, Türkiyəyə milli marşlarından istifadə etməyimizi göstərmək olar. Bunun səbəbi nədir?

-Birinci Qarabağ müharibəsindən sonra bizim vətənpərvər ruhumuzu formalaşdıran amillər çox az idi. Həmçinin, təbliğatımız da çox zəif idi. Demək olar ki, bu mövzuda filmlər çəkilmir, mahnılar yazılmır, tamaşalar oynanılmırdı. Biz də bu ərəfədə vətənpərvərlik mövzularını qardaş Türkiyədən izləyirdik. Onların vətənpərvərlik mövzusunda olan filmlərinə baxır, mahnılarını dinləyirdik. Həm də Birinci Qarabağ müharibəsindən sonra bizdə yaranan vətənpərvərlik mahnılarında daha çox məğlubiyyət aurası vardı. Halbuki, bunun əksinə olmalı idi. Bunu da yaradıcı qurumlar öz üzərinə götürməli idi. Bu təbliğat bizdə olmadığına görə, biz də Türkiyə yaradıcılıq məhsullarına üz tutduq və bəhrələnməyə başladıq. Düzdür, bu pis bir şey deyil, amma özümüzü formalaşdırmaq üçün bizi gecikdirdi.

-Yəni, məğlub xalq sindiromu və bundan doğan təcrübəsizlik bizim bu sferada iş görməyimizə mane olub?

-Məğlub xalq deməzdim, sadəcə olaraq yorulmuş xalq deyərdim. Çünki o dövrdə müharibə ilə yanaşı, daxili vəziyyətimiz də qeyri-sabit idi və insanların rifahı yaxşı deyildi. Xalqımızın yaralı olması buna şərait yaratmışdı. Amma xalqın özünə gəlməyə başladığı dövrdə, vətənpərvərlik ruhunu formalaşdırmaq lazım idi. Necə ki, biz bu birliyi İkinci Qarabağ müharibəsində gördük.

image-topcu_esger

-Bəs, bundan sonra qalib ölkə kimi yeni yaradıcılıq nümunələri ərsəyə gətirməyi bacaracağıq?

-Mən vətənpərvərlik ruhunda olan mahnıların çox olmasının tərəfdarıyam, amma bir şərtlə ki, bu mahnılar bizi zəfər ab-havasına bürüsün. Çünki bizim vətənprəvərlik mahnılarının əksəriyyəti dinləyicini daha çox depressiyaya salır, nəinki, cuşa gətirir. Halbuki, həmin mahnıların sözləri qələbədən, ruh yüksəkliyindən bəhs edir. Belə bir ziddiyyət var. Amma melodik xətt elə olmalıdır ki, dinləyici qulaq asanda ruhu cuşa gəlsin. Necə ki, “Korğulu” uverturasına, yaxud, “Cəngi”mizə qulaq asanda cuşa gəlirik. Amma ortada ziddiyət olanda, eyni effekti vermir.

-Məlum olduğu kimi, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə aid film çəkilir və filmin rejissorluğu türkiyəli rejissor Osman Sınava həvalə edib. Buna münasibətiniz necədir?

-Mənə elə gəlir ki, Mədəniyyət Nazirliyi əvvəlcə yerli mütəxəssislərə qulaq asmalı, onlarla məsləhətləşməli və ondan sonra qərar verilməli idi. Düzdür, Türkiyənin yaradıcı fəaliyyət sistemi bizdən daha təcrübəli və daha yüksək texniki imkanlara malikdir, amma burda həm də duyğu məsələsi var. Təsəvvür edin ki, Çanaqqala döyüşü ilə bağlı Türkiyədə film çəkilir, amma filmin musiqisi bizə həvalə edilir. Məsələn, mən azərbaycanlı olaraq Çanaqqala döyüşü ilə bağlı filmin musiqisini yazaram, amma türkiyəli bəstəkar qədər onun ruhunu duya bilmərəm. Çünki türkiyəli bəstəkar Çanaqqala duyğusunu, tarixini və ruhunu daha yaxşı bilir, daha yaxşı duyur. O cümlədən, Vətən müharibəsini də biz daha yaxşı hiss edirik. Yəni, belə bir filmi tamamilə xarici mütəxəssislərə təslim etsək, məncə bu, doğru olmaz. Sadəcə olaraq texniki tərəfləri həvalə edə bilərik, yaradıcı tərəfi isə özümüz icra edərək ortaq iş görə bilərik. Bundan əlavə, deyək ki, Xocalı faciəsi ilə bağlı film çəkirik. Xocalı faciəsini bir azərbaycanlı qədər hansı ölkənin vətəndaşı daha real hiss edə bilər, o ruhdan ərsəyə gələn melodiyanı daha real duya bilir? Təbii ki, heç kim. Bir sözlə, texniki tərəfləri xarici mütəxəssislərə həvalə etsək də, yaradıcı tərəfi özümüz icra etməliyik.

-Azərbaycan mədəniyyət və incəsənətinin inkişafdan qalmasının bir səbəbi də yerli mütəxəssislərə etibar etməmək ola bilərmi? Məsələn, rəsmi sifarişlə çəkilən filmlərimizin, beynəlxalq tədbirlərimizin xarici mütəxəssislərə həvalə edilməsi, yaxud beynəlxalq festivallar üçün yazılan mahnılarımızın xaricdən alınması və s.

-Bunun başlıca səbəblərindən biri odur ki, ciddi sənətə yox, tanışlığa üstünlük verilir və proses bu şəkildə idarə olunur. Məsələn, iştirak etdiyimiz birinci “Avrovision” musiqi yarışmasında səsləndirdiyimiz mahnının sözlərini Gövhər Həsənzadə yazmış, arenjemanını isə Yaşar Baxış etmişdi və çox da gözəl alınmışdı. Yaxud, bizim Elxan Cəfərov kimi, xaricdə yaşayan müxtəlif rejissorlar kimi peşəkarlarımız var ki, beynəlxalq arenada özlərini təsdiq ediblər və onlara yerli məhsulları həvalə etmək olar. Yəni, bizdə kifayət qədər peşəkar insanlar var, sadəcə bu insanlarla maraqlanmaq, dəvət edib dinləmək lazımdır. Azərbaycanfilm Kinostudyası post-sovet məkanında ərazisinə görə ən böyük kinostduyadır və ərazisində çoxlu çəkilişlər etmək olar. Amma kinostduyanın bu gün fəaliyyəti yox dərəcəsindədir. Ona görə də bizdə bəstəkarların, rejissorların, rəssamların, aktyorların, ssenaristlərin olmadığını deyirlər, halbuki həmin sahənin adamları qalmaqalla gündəmə gəlməyi özlərinə yaraşdırmır və buna görə də kənarda qalıblar. Bu gün həmin insanlar efirə çıxsalar, reytinq də verməyəcəklər, çünki bizim cəmiyyətə qalmaqal, qeybət, dedi-qodu lazımdır. Ona görə də mədəniyyət naziri artıq ciddi adamları axtarmalı və onları bir yerə toplamalıdır. Belə olan halda, nəyəsə nail olmaq olar.

Müəllif: Mərahim Nəsib

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki