
Beynəlxalq tərəfdaşlar Kiyevə 115 milyard dollar verəcək - Baş nazir
Ukraynanın beynəlxalq tərəfdaşları ölkəyə yenidənqurma üçün 115 milyard dollar yardım edəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Bizim beynəlxalq tərəfdaşlarımız Ukraynaya 115 milyard dollar dəyərində uzunmüddətli dəstək verəcəklər. Bu, təkcə maliyyə sabitliyimizi təmin etməyəcək, həm də Ukraynanın müttəfiqlərinin lazım olduğu müddətdə bizi dəstəkləyəcəyinə dair aydın siqnal verəcək”, – nazir “Telegram” kanalında yazıb.
“Biz tərəfdaşlarımızla tələb olunan bütün vəsaitləri tez bir zamanda toplamaq imkanları barədə danışıqlar aparırıq”, – Şmıqal əlavə edib.
Dünya Bankının prezidenti David Malpas bildirib ki, Ukraynanın əsas iqtisadi xərclərini ödəmək üçün bu il əlavə olaraq 11 milyard dollara ehtiyacı olacaq. O, qeyd edib ki, Dünya Bankı sürətli maliyyələşdirmə çərçivəsində Ukraynaya 23 milyard dollardan çox vəsait ayıra bilib.
Eyni zamanda, Beynəlxalq maliyyə institutu elan edib ki, Ukraynanın enerji infrastrukturunun bərpası üçün 200 milyon dollar qrant ayrılıb və 300 milyard dollara qədər əlavə maliyyə vəsaiti cəlb etmək imkanı var.
Busaat.az























