
“Biz afrikalı tərəfdaşlarımıza hər cür köməklik göstərməyə sadiqik” - Putin
Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun iştirakçılarına və qonaqlarına salamlama nitqi göndərib.
Busaat.az xəbər verir ki, o, Afrikanın inkişaf edən çoxqütblü dünyanın qütblərindən biri kimi rolunu vurğulayıb.
“Bu gün Afrika özünü inkişaf etdirməkdə olan çoxqütblü dünyanın qütblərindən biri kimi getdikcə daha inamla təsdiq edir. İstehsal, kənd təsərrüfatı, nəqliyyat infrastrukturu, yanacaq-energetika, səhiyyə və təhsil də daxil olmaqla geniş spektrdə tərəqqi sürət qazanır”,- Putin müraciətində bildirib .
“Moskva Afrika ölkələrinin sosial-iqtisadi sabitliyi və tərəqqini təmin etmək istəyini dəstəkləyir”, – prezident qeyd edib.
“Son bir neçə il ərzində Rusiya və Afrika arasında əməkdaşlığın yeni zirvələrə çatması vacib məsələdir. Biz bu istiqamətdə irəliləyişi davam etdirmək, ticarət və investisiyaları artırmaq, əməkdaşlığı dərinləşdirmək kimi aktual problemlərin həlli üçün birgə işləməyi planlaşdırırıq”, – o, əlavə edib.
“Biz afrikalı tərəfdaşlarımıza milli və mədəni suverenliklərini gücləndirmək, regional və qlobal problemlərin həllində daha fəal rol oynamaq üçün hər cür köməklik göstərməyə sadiqik”, – Putin deyib.
Busaat.az























