
Biz Rusiya və Çinin hərbi əməkdaşlığından narahatıq - Yaponiya
İsveçin paytaxtı Stokholmda Hind-Sakit Okean ölkələrinin xarici işlər nazirlərini bir araya gətirən sammitdə Yaponiya xarici işlər naziri Hayaşi Yoşimasa Rusiya və Çinin bölgədəki fəaliyyətlərinə reaksiya verib.
Busaat.az xəbər verir ki, Rusiya və Çinin Asiyada hərbi əməkdaşlığından narahat olduqlarını ifadə edən Hayaşi, Rusiya-Ukrayna böhranının Avropanın təhlükəsizliyinin Hind-Sakit okean təhlükəsizliyindən ayrıla bilməyəcəyini göstərdiyini müdafiə edib.
Rusiyanın Ukraynaya hücumlarının beynəlxalq nizamın bünövrəsini sarsıtdığını bildirən Hayaşi, bu müharibənin beynəlxalq ictimaiyyətin ortaq cavabı ilə qarşılanması lazım olduğunu deyib.
“Əks halda, digər bölgələrdə də oxşar çağırışlar yaranacaq və sülh və rifahımızın əsasını təşkil edən hazırkı nizam əsaslı şəkildə alt-üst ola bilər”, – deyə Hayaşi bildirib.
Hayaşi qeyd edib ki, Çin Şərqi Çin dənizi və Cənubi Çin dənizində status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdlərini davam etdirir və Tayvan boğazında hərbi fəaliyyətini artırıb.
“Bundan əlavə, Çin və Rusiya hərbi əməkdaşlığını (regionda), o cümlədən Yaponiya yaxınlığında birgə bombardmançı təyyarələrin uçuşlarını və birgə dəniz təlimlərini gücləndirirlər”, – Hayaşi bildirib.
Şimali Koreyanın ballistik raket sınaqlarını xatırladan Hayaşi, bu sınaqlarla bölgədə “təxribatların artdığı” xəbərdarlığını edib.
Busaat.az























