
BMT-dən QƏRAR: "Qüdsdəki Əl-Əqsa məscidinin status-kvosu qorunmalıdır"
İsrailin yeni təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdəki Əl-Əqsa məscidini ziyarət etdikdən bir neçə gün sonra BMT Təhlükəsizlik Şurasının üzvləri Qüdsdəki Əl-Əqsa məscidinin status-kvosunun qorunub saxlanmasının vacibliyini vurğulayıblar.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.
Onilliklər ərzində mövcud olan status-kvo, məbəd dağı adlandıran yəhudilərin də hörmətlə qarşıladığı bu kompleksdə yalnız müsəlmanların ibadət etməsinə icazə verir. İsrail rəsmisi bildirib ki, Ben-Qvir qeyri-müsəlmanların kompleksi ziyarət etməsinə, lakin namaz qılmamasına icazə verən tənzimləməyə hörmət edir.
BMT-nin Baş katibi Antonio Quterreş bütün tərəfləri müqəddəs məkanlarda və ətrafında gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb.
İsrailin BMT-dəki səfiri Gilad Erdan görüşdən əvvəl jurnalistlərə deyib: “Yəhudilərin ən müqəddəs yeri ziyarət etmələrinə icazə verilir. Bu, hər bir yəhudinin haqqıdır. İsrail status-kvonu pozmayıb və bunu etmək niyyətində deyil”.
Ben-Qvir bir dəfə sözügedən məsciddə yəhudi namazına qoyulan qadağanın aradan qaldırılmasını istəyib, lakin İsrailin baş naziri Benyamin Netanyahuya qoşulduqdan sonra bu istəyindən yayınıb. Ancaq Ben-Qvirin Yəhudi Gücü partiyasının digər üzvləri hələ də belə bir addımın tərəfdarıdırlar.
ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud deyib ki, Birləşmiş Ştatlar İsrail və Fələstin arasında münaqişənin iki dövlətli həllinə sadiqdir və gərginliyi artıran və ya iki dövlətli həllin qabiliyyətini sarsıdan hər hansı birtərəfli hərəkətdən narahatdır.
Busaat.az























