
Bolqarıstan Parlamenti Prezidentə qarşı: Ukraynaya silah yardımı paketini təsdiqlədi
Bolqarıstanda parlament Ukraynanın Rusiyaya müqavimətini dəstəkləmək üçün bu ölkəyə nəzərdə tutulan silah yardımı paketini təsdiqləyib.
Busaat.az xəbər verir ki, göndəriləcək silahların siyahısı əvvəlcə parlamentdə milli təhlükəsizlik və müdafiə komissiyalarının qapalı iclasında müzakirə edilib.
Silahların növləri məxfilik səbəbi ilə açıqlanmasa da, Ukraynanın tələb etdiyi S-300 raketləri və MiQ təyyarələrinin siyahıya daxil olmadığı bildirilib.
Parlamentin Müdafiə Komissiyasının sədri Xristo Qacev deyib: “Biz Ukrayna şəhərlərinin səmasını Rusiya pilotsuz təyyarələrindən qoruyacaq texnologiyalar göndərəcəyik”.
240 nəfərlik parlamentdə ümumilikdə 52 yerə malik Rusiyayönlü Bolqarıstan Sosialist Partiyası (BSP) və Dirçəliş Partiyasının deputatları qapalı iclasda yardımların qarşısını almaq üçün zaldan mobil telefonları ilə canlı yayımlar ediblər.
Ölkədə keçmiş kommunist partiyasının siyasi ənənəsini davam etdirən BSP lideri Korneliya Ninova Ukraynaya silah yardımını dəstəkləyən digər partiyaları “müharibə koalisiyası” kimi xarakterizə edib. Moskvanın siyasətini müdafiə edən populist Dirçəliş Partiyasının lideri Kostadin Kostadinov Bolqarıstanın NATO və Avropa İttifaqından (Aİ) çıxmasını labüd məsələ adlandırıb.
Qeyd edək ki, Rusiya Ukraynaya müharibə elan etdikdən sonra Rusiyayönlü prezident Rumen Radev və parlamentdə onunla həmfikir olan siyasi qüvvələrin təzyiqi nəticəsində Ukraynanın tələb etdiyi silah yardımı dəfələrlə rədd edilib. Noyabrın əvvəlində keçirilən iclasda parlament öz mövqeyini dəyişərək Ukrayna və hökumətin lazımi yardım paketinin yaradılması tələbinə müsbət cavab vermək qərarına gəlib.
Busaat.az























