
Böyük Britaniya “Vaqner”ə qarşı əlavə sanksiyalar tətbiq edib
Böyük Britaniya “Vaqner”in Mali, Mərkəzi Afrika Respublikası və Sudandakı fəaliyyəti ilə bağlı 13 nəfər və şirkətə qarşı sanksiya tətbiq edib.
Busaat.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
BBC xəbər verir ki, Britaniya hökumətinin məlumatında deyilir ki, onların arasında üç nəfər, o cümlədən ÜƏP-nin Mali və Mərkəzi Afrika Respublikasında fəaliyyətinə rəhbərlik edən Yevgeni Priqojinin “sağ əli” də var. Bunlar Malidəki “Vaqner”in rəhbəri İvan Maslov və Mərkəzi Afrika Respublikasındakı təşkilatın iki lideri Vitali Perfilev və Konstantin Pikalovdur.
Sudanda sülh və sabitliyə təhlükə törədən, o cümlədən hərbi texnikanın tədarükü və dezinformasiya kampaniyaları ilə bağlı daha beş qurum və şəxs də sanksiyaya məruz qalıb.
Məlumatda qeyd edilir ki, “Vaqner” bir neçə ildir ki, Mali, Mərkəzi Afrika Respublikası və Sudanda fəaliyyət göstərir, Rusiyanın regionda xarici siyasət maraqlarını aqressiv şəkildə təbliğ edir və yüzlərlə mülki şəxsin ölümünə səbəb olan antiterror əməliyyatlarına hərbi dəstək verir.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Yevgeni Priqojin və onun bir sıra yüksək səviyyəli komandirlərinə qarşı sanksiyalar tətbiq edib.
Busaat.az























